Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin plenar iclasında

    Noyabrın 25-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
    Milli Məclisin sədri Sahibə Qafarova bu gün 14 məsələnin müzakirə olunacağını, gündəliyin ilk 8 məsələsinin hökumətlərarası sazişlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu bildirib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib. Spiker ilk 7 məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib.
    Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
    Sazişə əsasən, hər bir tərəfin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və giriş tarixindən etibarən 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Digər tərəfin ərazisində göstərilən müddətdən daha çox qalmaq, yaxud işləmək, təhsil müəssisəsində təhsil almaq və ya işgüzar fəaliyyətlə məşğul olmaq istəyən etibarlı ümumvətəndaş pasportlarına malik olan hər bir tərəfin vətəndaşları digər tərəfin ərazisinə daxil olmazdan öncə həmin tərəfin dövlətinin milli qanunvericiliyi ilə tələb olunan viza əldə etmək öhdəliyini daşıyırlar.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
    Qeyd edilib ki, Sazişin məqsədi hər iki dövlətin diplomatik və xidməti pasport sahibləri olan vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmaqdan ibarətdir. Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbləri ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququna malikdirlər.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək, parlament nümayəndə heyətinin bugünlərdə Amerika Birləşmiş Ştatlarına səfəri barədə məlumat verib. O, bu səfər çərçivəsində ABŞ Konqresinin üzvləri ilə və bir sıra digər görüşlərin keçirildiyini söyləyib. Görüşlərdə cari il avqustun 8-də Vaşinqtonda baş tutan danışıqların tarixi əhəmiyyətinin vurğulandığını, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığını qeyd edib. Söhbətlər zamanı ABŞ-da müxtəlif səviyyələrdə Azərbaycan Prezidentinin dövlətçiliyin və müstəqilliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, milli maraqların müdafiəsi məsələlərində yürütdüyü siyasətin müsbət dəyərləndirildiyini bildirib.
    Səməd Seyidov bu səfərin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
    Sonra komitə sədri “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
    Sazişdə bildirilir ki, etibarlı diplomatik pasporta malik Azərbaycan Respublikasının və Bəhreyn Krallığının vətəndaşları digər tərəfin ərazisinə onların ilk giriş günündən hər 180 gün ərzində 90 gündən çox olmayan müddətə viza tələbləri olmadan daxil ola, oradan çıxa, tranzit keçə və orada qala bilərlər. Sazişdə göstərilən müddətdən artıq qalmaq istəyən diplomatik nümayəndəliyinin və ya konsulluğun işçiləri kimi təyin edilmiş etibarlı diplomatik pasportlara malik olan hər bir tərəfin vətəndaşları, o cümlədən onların ailə üzvləri, digər tərəfin ərazisinə daxil olmamışdan əvvəl həmin tərəfin qüvvədə olan qanunvericiliyə uyğun olaraq viza alırlar.
    Müzakirələrdə deputat Qüdrət Həsənquliyev bəzi fikir və qeydlərini səsləndirib. Komitə sədri Səməd Seyidov qaldırılan məsələyə münasibət bildirib.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
    Bildirib ki, Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır.
    Deputat Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra, qanun layihəsi qəbil edilib.
    Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
    Qeyd edilib ki, Sazişdə qeyd edilən etibarlı pasportlara sahib şəxslərin razılığa gələn dövlətin ərazisinə girmək, çıxmaq və ya tranzit keçmək və hər 180 gün ərzində 90 gündən çox olmayan müddət ərzində orada qalmaq üçün vətəndaşların viza tələbindən azad edilməsinə dair əsas müddəalar nəzərdə tutulur.
    Qanun layihəsi səsə qoyularaq qəbil edilib.
    Daha sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.
    O, sənədin qarşılıqlı rəsmi səfərlərin sadələşdirilməsi, dövlətlərarası münasibətlərin gücləndirilməsi, diplomatik və işgüzar fəaliyyətin asanlaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    İclasda çıxış edən deputat Qaya Məmmədov məsələnin vacibliyini qeyd edib. O, habelə bu yaxınlarda ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan  parlament nümayəndə heyətləri arasında keçirilmiş ikitərəfli görüş barədə danışıb. Bu görüşün hər iki ölkənin parlament sədrlərinin cari ilin oktyabrında Cenevrə şəhərində keçirilmiş görüşündə əldə olunmuş razılaşma əsasında baş tutduğunu, söhbətdə parlamentlərin sülh prosesinə dəstəyi ilə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.
    Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
    Deputat diqqətə çatdırıb ki, bu addım rəsmi nümayəndə heyətlərinin səfərlərini asanlaşdırır, iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə, diplomatik əlaqələrin və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
    Müzakirələr zamanı çıxış edən deputatlar Aydın Hüseynov, Sahib Alıyev məsələyə münasibət bildirərək, habelə Azərbaycanın dünyada nüfuzunun daha da artdığını, etibarlı tərəfdaş kimi tanındığını, bu prosesdə parlamentin fəaliyyətinin əhəmiyyətli rol oynadığını vurğulayıblar.
    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    Sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsindən bəhs edib.
    O, bildirib ki, Sazişdə əsas anlayışlar, səlahiyyətli orqanlar, məxfilik dərəcələri, buraxılışların verilməsi və ötürülməsi, məxfi müqavilələrin imzalanması, qarşılıqlı səfərlər, xərclər və mübahisələrin həlli ilə bağlı müddəalar öz əksini tapıb. Sənəd iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlığın daha sistemli və etibarlı əsasda inkişafına xidmət edir.
    Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev məsələ barədə bu komitənin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib.
    O, sənəd barədə birinci oxunuş zamanı hərtərəfli məlumat verildiyini deyib və xatırladıb ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir.
    Komitə sədri bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının müddəalarından irəli gəlir və onun icrasını təmin edəcək.
    Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı nəzərə çatdırıb ki, bu sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlanıb və uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini nəzərdə tutur.
    O, hər iki qanun layihəsi ilə bağlı komitəyə hər hansı qeyd, rəy və təkliflərin daxil olmadığını da deyib.
    Bu sənədlər ətrafında aparılan müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputat Hikmət Məmmədov öz qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirib.
    Təqdim olunan hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
    Parlamentin spikeri növbəti məsələnin “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) olduğunu nəzərə çatdırıb.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı ətraflı şərh verildiyini, sual doğuran hər hansı məsələnin olmadığını deyib, sənədə növbəti dəfə səs verilməsini xahiş edib.
    Qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.
    Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədri Hicran Hüseynova bəzi fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
    Gündəliyin on ikinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. O, bildirib ki, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verilib və dəyişikliyə dair komitəyə hər hansı bir təklif daxil olmayıb. Dəyişiklik dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.
    Müzakirədə deputatlar Vüqar Bayramov və Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
    Növbəti məsələ - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, sənədin birinci oxunuşunda dəyişikliklərlə bağlı ətraflı məlumat verilib. Komitə sədri xatırladıb ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.
    Layihə ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev komitəsinin müsbət rəyini, deputat Rəşad Mahmudov isə layihə barədə fikirlərini bildirib.
    İclasda qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
    Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin sonuncu məsələsi olan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı təqdimatı diqqətə çatdırıb.
    Komitə sədri vurğulayıb ki, Silahlı Qüvvələrin hazırda yüksək tələbat duyulan bəzi ixtisaslara malik kadrlarla təmin olunması və səfərbərlik ehtiyatlarının zabit heyəti ilə gücləndirilməsi üçün mövcud qanunvericilikdə dəyişikliklərə ehtiyac yaranıb.
    Qeyd olunub ki, hazırki qanunvericiliyə görə, ali təhsilli çağırışçılar 1 il müddətli hərbi xidmət keçdikdən sonra zabit hazırlığı kursunu bitirməklə daha 1 il 6 ay müqavilə ilə zabit kimi xidmət edə bilərlər. Bu isə, ümumilikdə 2 il 6 ay xidmət deməkdir və nəticədə gənclərin zabit kimi xidmətə marağının azalmasına səbəb olur.
    Müzakirəyə təqdim edilən qanun layihəsi məhz zabitlərin həqiqi hərbi xidmətkeçmə qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Belə ki, layihədə ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılaraq 1 il müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsinin verilməsi təklif olunur. Bundan başqa, sənəddə qanunvericiliyə və normayaratma texnikasının tələblərinə uyğun olaraq bir sıra normaların uyğunlaşdırılması, ifadələrin dəqiqləşdirilməsi və texniki xarakterli dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
    Arzu Nağıyev vurğulayıb ki, qanun layihəsinin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək tələbat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının təkmilləşdirilməsinə xidmət edəcək.
    Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ