Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib

    Sara Xanlarova
    Əməkdar müəllim

    Əsası 1875-ci il iyulun 22-də görkəmli alim, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşr edilməsi ilə qoyulan milli mətbuatımız ötən 150 ildə şərəfli inkişaf yolu keçib. Hər zaman mütərəqqi ənənələri və dəyərləri özündə təcəssüm etdirən Azərbaycan mətbuatı fəaliyyət göstərdiyi tarixi dövrün çağırışlarına uyğun olaraq xalqımızın maariflənməsinə, oyanışına, yüksəlişinə və ümummilli məqsədlərin gerçəkləşməsinə layiqincə xidmət etmiş, milli amalların yorulmaz carçısı olmuşdur.
    Müstəqilliyimizin bərpa olunmasından sonra isə Azərbaycan mətbuatı məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyub, fəaliyyətində tamamilə fərqli bir dövr başlanib, respublikamızda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıbdır. Xüsusilə qeyd edilməlidir ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, müstəqil Azərbaycanın ilk Konstitusiyasında azad sözün və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqlənmiş, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmışdır.
    Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi isə mətbuatımızın tarixində ən mühüm hadisələrdən biridir. Bütün bunlar media təmsilçilərinin diqqətindən kənarda qalmamış, mətbuatın inkişafında və ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.
    Medianın demokratik dəyərlər çərçivəsində fəaliyyətinin təmin olunması bu gün də respublikamızda dövlət siyasətinin istiqamətlərindən biridir. Kütləvi informasiya vasitələrinin mütərəqqi dəyərlərə əsaslanmaqla fəaliyyət göstərmələrini vacib sayan cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Dövlətimizin başçısı tərəfindən medianın inkişafı ilə bağlı verilən bütün addımlar da bu məqsədə xidmət edir. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziyalar fəaliyyət göstərir, internet mediası sürətlə inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mediasını da qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
    Prezident İlham Əliyevin son 20 ildə milli mətbuatımızın yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubileylər və əlamətdar hadisələr münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların və medalların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımlarının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və medianın hər zaman dövlətin xüsusi diqqəti ilə əhatə olunduğunu göstərir.
    Hazırda müasir dünya nizamı yeni çağırışlarla üz-üzədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi beynəlxalq münasibətlər sistemində yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Bu mərhələ həm də informasiya müharibəsinin genişlənməsi ilə xarakterizə olunur. Sürətli texniki tərəqqi, informasiya texnologiyalarının dinamik inkişafı, rəqəmsal həllərdən istifadənin daha da genişlənməsi informasiya müharibəsinə qarşı mübarizəni hər bir dövlət üçün təxirəsalınmaz vəzifələr sırasına çıxarır. Bu prosesdə əsas ruporlardan biri isə medianın yaratdığı imkanlardır.
    Belə bir şəraitdə, yəni həm dünya nizamının sürətli dəyişikliklərə məruz qaldığı, həm də informasiya müharibəsinin problem olaraq özünü göstərdiyi dövrdə Azərbaycan mediasının da qarşısında yeni çağırışlar meydana çıxır. Lakin tarixi təcrübə göstərir ki, Azərbaycan mediası ən məsuliyyətli dövrlərdə belə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Məsələn, Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik və milli həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşasına nail olub.
    Bu gün də respublikamıza qarşı qlobal mediada və sosial media platformalarında qarayaxma kampaniyalarının aparıldığı məlumdur. Bu çirkin kampaniya Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra daha da güclənib. Lakin görünən odur ki, Azərbaycan mediası bu çağırışlara tam hazırlıqlıdır. Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mediamız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı mübarizəsinə töhfələr verdiyi kimi, postmüharibə dövründə də bu işi layiqincə davam etdirməkdədir. Xüsusən sosial media platformalarında fəaliyyətin gücləndirilməsi, xəbər yayımının xarici dillərdə təmin olunması, beynəlxalq auditoriyalara çıxışın genişləndirilməsi, peşəkarlığın inkişaf etdirilməsi media orqanlarımızın qlobal informasiya coğrafiyasında etibarlı mövqelərini təmin edən əsas faktorlardır. Beləliklə, yeni qlobal çağırışların düzgün qiymətləndirilməsi Azərbaycan mediasını informasiya müharibəsində qalib tərəfə çevirir, beynəlxalq informasiya platformasında dövlətimizin və xalqımızın maraq və mənafelərini layiqincə təmin edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ