
Semur Əsgərov
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Dövlət başçısı çıxışlarında qeyd etmişdir ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.
Dövlət başçısı İlham Əliyevin mətbuatın inkişafına xüsusi diqqəti və qayğısı sayəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün şərait yaradılmışdır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan mediası ən müasir tələblərə cavab verən mediaya çevrilmişdir.
