Sizin reklam burada
Sizin reklam burada
  • DAHİ LİDER, BACARIQLI SİYASƏTÇİ, MAHİR DİPLOMAT, MÜSTƏSNA DÖVLƏT XADİMİ

    Azərbaycan xalqının ortaq dəyəri, şərəf rəmzi, çağdaş Azərbaycan Respublikasının əbədi qurucusu Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasından 102 il ötür. O, Azərbaycan xalqı və Azərbaycan tarixinin bir parçası olmuş böyük şəxsiyyətdir. Ulu Öndərin böyük bir mübarizə ilə qurub yaratdığı şah əsəri – Azərbaycan və bizə əmanət etdiyi misilsiz miras daha da güclü şəkildə yaşadılacaq, milli yaddaşda əbədi olaraq qalacaqdır.
    10 may tarixi Ümummilli Lider Heydər Əliyevin həyatı, millətimiz üçün apardığı mübarizəsi, millətimizə qazandırdıqları və qazandırmaq istədiklərini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir.
    Onu tanımaq demək keçmişlə gələcəyi, müstəqillik ilə gələcəyi, sülh ilə firavanlığı işıqlı üfüqdə bir araya gətirmək, millətin mənəvi kökləri ilə birləşdirmək deməkdir.
    Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və Azərbaycan Respublikasının qüruru, iftixarı olmaqla bərabər ortaq dəyəri, ortaq iradəsi, ortaq səsidir.
    Onun qurduğu və bizə əmanət etdiyi dövlətimizi qorumaq, ucaltmaq, yaşatmaq, onu müasir və güclü sivilizasiyalar səviyyəsindən də yuxarı qaldırmaq, ulu öndər ideyalarını gələcək nəsillərimizə ötürmək bizim ən ümdə borcumuzdur.
    O, dahi lider, bacarıqlı siyasətçi, mahir diplomat, müstəsna dövlət xadimi kimi xalqımızın qəlbini fəth etmişdir.
    Ağıl, qətiyyət, cəsarət, səbr, inam və milli strategiya ilə qarşısına çıxan bütün maneələri bir-bir dəf edərək, qarşıya qoyduğu hədəflərə çata bilmişdir.
    O, ömrünü bir cəbhədən o birinə qaçaraq keçirmiş, sədaqətli mübarizəsi ilə hər cür çətinliyə, hər cür pisliyə, iztiraba qarşı dərin sədd çəkmişdir.
    Onun xarakteri müstəqilliklə bəzədilib.
    Onun tarixi qərarları millətinə olan hədsiz məhəbbəti ilə kəskinləşdi və milli suverenliyə tam sədaqəti ilə möhkəmləndi.
    Ümummilli lider Heydər Əliyev sarsılmaz bir fəzilət və yenilməz xasiyyətə malik olub. Çünki onun təbiətində bədbinlik, ümidsizlik heç vaxt görünməyib və özünə yer tapmayıb. Ən çətin anlarında da millətinə güvənərək oddan çıxmağı bacarıb, heç bir məcburiyyətə, heç bir hücuma, heç bir imkansızlığa boyun əyməyib.
    Ulu Öndər cismən aramızda olmasa da, ən böyük əsəri adlandırdığı Azərbaycan Respublikası əbədiyyən yaşayacaq və sonsuza qədər var olacaq. Çünki miras əmin əllərdədir. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prinsipləri, idealları, Vətən sevgisi ilə simvola çevrilən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının göz nuru, vuran nəbzi, qəhrəmanlıq sədasıdır.
    Azərbaycan xalqı dünən olduğu kimi bu gün də heç bir qüdrət qarşısında əyilməyəcək, təzyiqlərə boyun əyməyəcək, gələcəyinin parlaq ideallarından güzəştə getməyəcək.
    İnancımız və əminliyimiz ondan ibarətdir ki, tarix boyu birləşərək davam edən və ən çətin anlarda ildırım kimi təcəssüm və təzahür edən qəhrəmanlar nəsli heç vaxt sona çatmayacaq.
    Sinəsindən vulkanın ağzı kimi fışqıran qəhrəmanları ilə Azərbaycan xalqı bundan sonra da bir yumruq kimi birləşərək müstəqilliyini, milli birlik iradəsini həssaslıqla qoruyacaq, işğala, xəyanətə can atanları daim məhv edəcəkdir.
    Bu fikir və düşüncələrlə müstəqilliyini borclu olduğumuz, çağdaş Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevi, onun silahdaşlarını və istiqlaliyyət mübarizəmizin bütün qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq.

    Tural Akif oğlu VƏLİZADƏ
    Bakı Hərbi Kollecinin müəllimi,
    Bakı Qızlar Universitetinin baş müəllimi,
    Bakı Dövlət Universitetinin doktorantı
    tural.akif.velizade@gmail.com

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ