Sizin reklam burada
Sizin reklam burada
  • Ölkəmizin əlverişli logistika imkanları Çin şirkətləri üçün səmərəli, təhlükəsiz və sürətli alternativ yaradır

    Aydın Hüseynov
    Milli Məclisin deputatı

    Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Neft-kimya sənayesi, alternativ enerji, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrində Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artır. Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma proseslərində yaxından iştirak etməkdə maraqlıdır. Eyni zamanda, Çin texnologiyalarının, xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin ölkəmizin müasir inkişaf modelinə inteqrasiyası əməkdaşlığın yeni mərhələsini müəyyən edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

    Azərbaycanın unikal coğrafi mövqeyi və regional tranzit imkanları Çinlə əməkdaşlığın daha bir mühüm aspektidir. Ölkəmizin əlverişli logistika imkanları Çin şirkətləri üçün səmərəli, təhlükəsiz və sürətli alternativ yaradır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan öz sabitliyi və infrastruktur imkanları ilə regional əməkdaşlığın mühüm həlqəsinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

    İki ölkə beynəlxalq münasibətlər sistemində çoxqütblü və ədalətli düzənin tərəfdarıdır. Dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqa hörmət başlıca prinsiplər kimi müəyyən olunub. Azərbaycan Çin kimi Qlobal Cənubun bir hissəsi olaraq inkişaf etməkdə olan ölkələrin hüquqlarını müdafiə edir, onların qlobal sistemdə daha fəal iştirakını təşviq edir. Ölkəmiz 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu mövqeləri ardıcıl şəkildə müdafiə edib.

    Dövlətlər arasında sürətlə inkişaf edən mədəni əməkdaşlıq da təqdirəlayiqdir. Hər iki xalq qədim sivilizasiyalara malikdir, bu baxımdan qarşılıqlı mədəni təmaslar, həmçinin elm, təhsil və turizm sahəsində əlaqələrin genişlənməsi üçün əlverişli zəmin mövcuddur. Ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində Çin dili və mədəniyyəti üzrə tədris proqramları mövcuddur. Eyni zamanda, Çində Azərbaycanın tarixini, mədəniyyətini tanıdan tədbirlər keçirilir, humanitar sahədə bu mübadilələr xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradır.

    Beləliklə, Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf istiqamətlərinə aydınlıq gətirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ