
"Təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi anlaşılmazdır. Rusiya tərəfi məsuliyyəti üzərinə götürərək, lazımi addımları atmalıdır. Kremldən tapşırıq alan bir sıra rus siyasətçiləri, eyni zamanda KİV cidd-cəhdlə bu proseslərdə məhz pilotları günahlandırmağa çalışırlar. Bu, absurd məsələdir. İlkin hesabat da göstərdi ki, Azərbaycan Hava Yollarına məxsus olan təyyarədə 38 nəfərin həlak olması, 29 nəfərin yaralanması Rusiyanın günahı üzündən baş verib. Qəzada Rusiya vətəndaşlarının da olduğunu nəzərə alsaq, bu ölkənin hadisəyə biganə yanaşması çox təəssüf doğurur. Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı da bir daha göstərdi ki, Rusiya hadisəyə qərəzli yanaşmasını dayandırmır".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Deputatın fikrincə, ilkin hesabatdan da məlum olur ki, "Embraer 190" sərnişin təyyarəsi Rusiyanın hava məkanında, Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. "Hesabatda da qeyd olunub ki, pilot Bakıya qayıtmaq barədə qərar verib. Lakin kənar müdaxilə nəticəsində sistemin sıradan çıxması buna imkan verməyib. Rusiya cidd-cəhdlə "kovyor" əməliyyatını ortaya atır. "Kovyor" əməliyyatı təyyarə vurulduqdan sonra ortaya çıxıb. İlkin hesabat da bu faktı təsdiqləyir. Burada foto, video, rəqəmsal qeydiyyatlar var. Rusiya bundan birmənalı şəkildə qaça bilməz", - deyə deputat əlavə edib.
A.Nağıyev xatırladıb ki, hesabat yayılandan sonra Rusiyanın inhisarında olan qurumlar, hətta bu ölkənin aviasiya xidməti məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edirlər. Mətbuat da onların dediklərini təkrarlayır. Bu qərəzli mövqedir. Bir vaxtlar belə praktika ilə rastlaşmışıq. Vaxtilə "Malayziya Boing-2" təyyarəsinin vurulması zamanı da Rusiya belə bir ajiotaj yaradaraq Ukraynanın günahkar olduğunu iddia edirdi. İllər keçdikdən sonra sübut olundu ki, bu təyyarə Rusiya tərəfindən vurulub.
Fakt və dəlillərin tam ortada olduğunu deyən komitə sədri bildirib ki, təyyarəmizə bir neçə dəfə atəş açılıb: "Kovyor" əməliyyatı hadisədən 8-10 dəqiqə sonra elan olunub. Bu qədər sübutlar qarşısında Rusiya tərəfinin təkidlərindən dönməməsi və şantaj yolu tutması ciddi təəssüf doğurur. Fakt budur ki, Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə istintaq aparılır. Azərbaycan təyyarəsinə bu hərbi hissə ərazisindən atəş açıldığına dair məlumatlar var. Azərbaycan Baş Prokurorluğu, eyni zamanda hüquq-mühafizə orqanları, cənab Prezidentin tapşırığına uyğun olaraq yaradılmış komissiya öz işini davam etdirməkdədir".
Azərbaycanın öz şərtlərini irəli sürdüyünü xatırladan A.Nağıyev vurğulayıb ki, istintaqın gedişi bütün faktları aşkarlayacaq və ciddi məlumatlar alacağıq. Sübut bazası artıq formalaşır, dəlillər toplanır. Beynəlxalq məhkəməyə müraciət etmək Azərbaycanın haqqıdır. Azərbaycan tərəfi bildirib ki, istənilən vaxt Rusiya ilə bu hadisənin necə baş verdiyini dialoq şəklində müzakirə edə bilər.
Deputat düşünür ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti buna imkan verir. Azərbaycan istənilən dialoqa hazırdır. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan xalqının hər bir nümayəndəsinin qorunmasından, dövlətimizin ərazi bütövlüyü ilə bərabər olaraq konstitusion hüquqlarının qorunmasından ibarətdir. Biz öz hüquqlarımızı qorumağı bacarırıq.
Ə.QABİLQIZI,
"Azərbaycan"