Sizin reklam burada
Sizin reklam burada

İkinci aprel müharibəsi - Ermənistandakı seçkilər nə vəd edir?

İkinci aprel müharibəsi - Ermənistandakı seçkilər nə vəd edir? Asəf Quliyev

Aprelin 2-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Sözsüz ki, Azərbaycanın ərazilərinin bir qismini işğal altında saxlayan bir ölkədə belə mühüm bir siyasi olayın yarada biləcəyi yeni situasiya mütləq təhlil olunmalıdır.
Əvvəla, aydınlaşdırmaq lazımdır ki, bu seçkilər əvvəlkindən nə ilə fərqlənir?
Ermənistanda keçiriləcək bu seçkilərin çox mühüm fərqi idarəetmədə daha çox səlahiyyətə malik olan yeni bir parlamentin yaradılmasıdır. Ana qanunda edilən dəyişiklikdən sonra prezidentin səlahiyyətlərinin azaldılması və qanunverici orqanın daha mühüm bir orqana çevrilməsi prosesi baş verəcək. Bu mənada parlament çoxluğu qazanan siyasi qüvvə faktiki olaraq ölkəni idarə edəcək güc mərkəzinə çevriləcək.
İkincisi, seçkidə iştirak edən əsas qüvvələr dünyanın əsas hansı güc mərkəzinin maraqlarına cavab verir?
Əvvəla qeyd edək ki, seçkilərdə 9 siyasi qüvvə - 5 partiya (Respublika Partiyası, “Daşnaksütun”, “Erməni dirçəlişi”, “Azad demokratlar” Kommunist Partiyası) və 4 blok (Sarukyan, ELK, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası, Ohanyan-Oskanyan-Ovannisyan (OOO)) iştirak edir.
Birmənalı demək olar ki, seçkidə iştirak edən əsas qüvvələr Rusiya meyllidir.
Üçüncüsü, seçkidə iştirak edən qüvvələrin şansları necədir?
Sözsüz ki, seçkinin favoriti prezident Serj Sarkisyanın nəzarətində olan siyasi qüvvə, Respublika Partiyasıdır.
Amma seçki nəticəsində hakim Respublika Partiyasının qalib gələcəyi təqdirdə fəaliyyətdə olan baş nazir Karen Karapetyan baş nazir kürsüsünü tuta bilməyəcək. Çünki o, 2016-cı ilə qədər Ermənistanda yaşamayıb. Baş nazir olmaq üçün isə son 5 ili Ermənistanda yaşamaq əsas şərtlərdən biridir.
Hesab etmək olar ki, hazırda müdafiə naziri kürsüsünü tutan və hakim partiyanın seçki siyahısında birinci olan Viqen Sarkisyan hökumət başçısı ola bilər. Belə olan halda bir il sonra, Serj Sarkisyanın prezident səlahiyyəti başa çatan zaman Vigen Sarkisyan bütün hakimiyyəti əlində cəmləmiş olacaq. Və bundan sonra o yenidən hakimiyyəti Serj Sarkisyana qaytarmalı olacaq. Bu isə Seyran Ohanyanın daha etibarlı biri ilə əvəzlənməsinin niyəsini ortaya qoyur. Sözsüz ki, Ohanyanın bu situasiyada hakimiyyəti yenidən Sarkisyana qaytaracağı inandırıcı olmazdı. Hətta bəzi erməni ekspertlər Seyran Ohanyanın atıldığına görə bərk incik olduğunu da söyləyir.
Ohanyanın üzv olduğu və Azərbaycanda daha populyar olan üç sabiq nazirin koalisiyasını erməni ekspertlər nəinki real alternativ hesab edir, əksinə bu siyasi qüvvənin parlamentdə yer almaq ehtimalına da şübhə ilə yanaşırlar. Bu ehtimalların əsas istinad nöqtəsi isə keçirilən son sosial sorğulardır.
Özlərini ORO kimi təqdim edən OOO (Ohanyan, Oskanyan, Ovannisyan) koalisiyasını ilk baxışda Rusiyanın Sarkisyana hazırladığı alternativ kimi də qəbul etmək olardı. Lakin onların ünvanına cəmiyyətdən səslənən ittihamlar fərqli mənzərə yaradır. 2008-ci ildə Sarkisyanın hakimiyyətə gəlişi üçün meydanda insanların güllələnməsinin məsuliyyətinin bir hissəsini də Ohanyan və Oskanyanın daşıdığı qənaəti var. Bu situasiyada OOO Sarkisyana alternativ yox, əksinə hakim siyasi qüvvəyə ünvanlanan zərbələri qəbul edən çətirə daha çox bənzəyir.
Bir sıra erməni ekspertlər isə OOO blokunu sabiq prezident Köçəryanın kölgəsi də adlandırır.
Erməni ekspertlərinin fikirləri və sosial sorğuların nəticələri mövcud hakimiyyətə alternativ siyasi qüvvənin “Sarukyan bloku”nun olduğunu deməyə əsas verir. Digər əsas qüvvələrin liderlərindən fərqli olaraq o, Qarabağ ermənisi deyil və siyasətə Qarabağ dalğasında gəlməyib.
Prezident Sarkisyanla şəxsi münaqişəsi olan sabiq idmançı və iş adamı Qaqik Sarukyan əslən Ermənistanın mərkəzi vilayətlərindən olan Kotaykdandır.
Sabiq idmançının parlayan biznes ulduzu onun siyasi iddialarına işıq tutub. İş adamı öz partiyasını yaradıb, amma bu partiyanı bəzək xatirinə yaratmayıb. Sarukyan 2004-cü ildə yaratdığı “Çiçəklənən Ermənistan” Partiyasını 2015-ci ildə tərk edib. Prezidentlə aralarında olan münaqişəyə görə partiyanın sədrliyindən istefa verib və hətta öz yaratdığı partiyadan çox maraqlı bir xahiş də edib: “Siyasi qərarlarla bağlı məni narahat etməyin”.
Yenidən seçki prosesinə baş vuran “Sarukyanın bloku” Sarkisyanın nəzarətində olan qüvvələrə əsas rəqib olmasını erməni cəmiyyətində Qarabağ mövzusunda yekdilliyin olmaması kimi də yozmaq olar.
Son günlər Qarabağ kartını daha çox istifadə edən Levon Ter-Petrosyanın lideri olduğu (Erməni Milli Konqresi və Stepan Dəmirçiyanın sədr olduğu Xalq Partiyası) siyasi blokun reytinqi hazırda OOO ilə müqayisə oluna bilər. OOO daha çox hərbi ritorika ilə danışırsa Ter-Petrosyan-Dəmirçiyan koalisiyası Qarabağ məsələsində güzəştə getməyin alternativi olmadığını söyləyirlər.
Hətta sabiq prezident Levon Ter-Petrosyan işğal olunmuş rayonların qaytarılmasının vacibliyini bildirib.
Ter-Petrosyan və Dəmirçyan da əslən Qarabağdan deyil. Amma Sarukyan qədər reytinqə malik deyillər. Onlar Ermənistan siyasi elitasında məhz Qarabağ haqqında fikirləri ilə aktualdılar. Bu məntiqi ardıcıllıq Qarabağ mövzusunun artıq Ermənistan cəmiyyətində aktual olmadığının göstəricisi də ola bilər.
Belə olduqda siyasi Olimpə Qarabağ “sunamisi”ndə gəlməyi bacaran Sarkisyanın reytinqi yuxarıdakı formal məntiqin düz olmadığı qənaətini yaradır. Bunun isə çox sadə izahı Sarkisanın hazırda hakimiyyətdə olmasıdır.
Yerdə qalan siyasi partiya və blokların parlamentdə yer almaq və hansısa uğura imza atmaq imkanı məhduddur. Hətta son sorğular “Daşnaksütun” Partiyasının belə parlamentdə təmsil olunmaq üçün lazım olan reytinqə malik olmadığını deməyə əsas verir.
Lakin bir çox erməni ekspertlər hesab edir ki, hakim elitaya “lazım olan” edən siyasi qüvvələr parlamentdə yer alacaq. Elə həmin erməni ekspertlər seçkinin saxtalaşdırılacağına şübhə etmir.
Ermənistanda rəsmi orqanların 2 564 734 nəfər səsvermə hüququna malik şəxs olduğu barədə yaydığı məlumat bu şübhələrin əsaslı olduğunun göstəricisi hesab olunur.
Seçki marafonunun sonuna yaxınlaşdıqca erməni ekspertlərinin narahatlığına səbəb olan əsas məsələ - cəbhə xəttində gərginliyin artması ilə bağlıdır.
Əvvəla onu qeyd edək ki, erməni ekspertlər seçkilərin nəticələrinin Rusiyanı qane etmədiyi təqdirdə “ikinci aprel müharibəsinin” baş verəcəyini istisna etmirlər.
Bəzi ekspertlər Rusiyanın mövcud olan hakimiyyətlərlə işləmək praktikasına əsaslanaraq, Avropaya son səfərində qoca qitəyə doğru atdığı addımlara baxmayaraq Rusiyanın bundan sonra da Sarkisyanı dəstəkləyəcəyini bildirirlər. Əgər Sarkisyan Rusiyanın cızdığı xətdən çıxarsa və ya seçkidən sonra nəzarəti itirmək təhlükəsi ilə üzləşərsə, Rusiya cəbhə xəttində gərginlik yaratmaqla yeni siyasi vəziyyətə müdaxilə edə bilər. Və yaxud da Sarkisyana sadiq qüvvələr uduzarsa hərbi əməliyyatlar yeni qüvvələri asanlıqla Rusiyanın çətiri altına sıxacaq.
Amma Sarkisyan və komandası kifayət qədər inamlı təsir bağışlayır. Bu günlərdə Qarabağ müharibəsinin iştirakçısı Samvel Babayanın həbsi və onun OOO bloku ilə əlaqələri üzərində qurulan şou da Sarkisyanın bütün siyasi PR vasitələrindən istifadə etmək və üstəgəl seçki saxtakarlığı ilə lazımı nəticəni alacağı şübhə doğurmur.
Dağlıq Qarabağ ermənilərinin hansı siyasi qüvvəyə daha çox inamlı olduğunu diqqətdən qaçırmaq olmaz. Bu həm də seçkidən sonrakı situasiyanın necə olacağına işıq sala bilər.
Erməni ekspertlərin qənaətinə görə, mövcud situasiyada Qarabağ mövzusunda daha radikal bəyanatlar verən siyasi qüvvələr indi Qarabağda daha populyardır. Çox ciddi səbəbləri olan bu reallıq isə başqa söhbətin mövzusudur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ