Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın ədliyyə işçilərinin peşə bayramlarını zəfər ayında qeyd etmələri onlar üçün ikiqat sevinclidir

    Üzeyir Kərimov,
    Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu

    Hazırda işğaldan azad edilən yaşayış məntəqələrimizdə ermənilər tərəfindən dağıdılan infrastrukturun bərpası işləri həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşları yenə də öz tarixi torpaqlarında yaşayacaq, qurub-yaradacaqlar. Amma onlar bugünkü tarixi heç vaxt unutmayacaqlar. Bu dağılmış, yandırılmış evləri, viran qoyulmuş kənd və şəhərləri erməni vəhşiliyinin canlı şahidləri kimi xatırlayacaqlar. Həmçinin yurd, vətən sevgisi ilə Azərbaycanın işğaldan xilas edilən hər qarışını gülüstana çevirəcək, onun inkişafı üçün səylərini əsirgəməyəcəklər.
    İkinci Qarabağ müharibəsi günlərində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara qarşı Ali Baş Komandan, Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bu təzyiqlərə mərdanə şəkildə sinə gərərək öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
    Ənənəvi olaraq hər il noyabr ayının 22-də Ədliyyə İşçilərinin Peşə Bayramı Gününü qeyd edərkən, bu sistemin formalaşması və inkişafı yoluna nəzər salır, ötən dövrdə görülən işləri, əldə edilən uğurları xatırlayırıq. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində ədliyyənin yenidən qurulması və gücləndirilməsi daim diqqətdə saxlanılmışdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində sözügedən sistemin daha da inkişaf etdiyi, bu sahədə idarəçilik mexanizminin müasirləşdirilməsi, şəffaflıq və aşkarlıq prinsiplərinə mühüm önəm verilməsi xüsusi vurğulanılmalıdır.
    Xatırlayaq ki, Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti həyata keçirirdi. Beynəlxalq aləm isə bütün bunları, sadəcə olaraq, soyuqqanlılıqla müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmirdi, həmin qətnamələr yerinə yetirilmirdi. Beynəlxalq qurumlar tərəfindən də problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, düşmən tərəfi işğalçılıq əməlindən əl çəkməyərək, tez-tez açıq-aşkar “yeni torpaqlar uğrunda yeni müharibə” iddiasını səsləndirirdi.
    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu yeni hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu.
    O gündən Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə qüdrətli ordumuz tərəfindən şanlı tarix yazıldı – 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Beləliklə, otuz il işğal altında olan əzəli torpaqlarımız işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi yazıldı.
    Bu gün də ölkəmizdə ədliyyə sisteminin dinamik inkişafı barədə ürəkdolusu danışmaq olar. Amma 4 ildir peşə bayramı ölkəmizin həyatında silinməz iz buraxan elə bir tarixi şəraitə təsadüf edir ki, bu əlamətdar hadisə ilə əlaqədar daha ətraflı söhbət açmamaq mümkün deyil. Bu, 30 il ərzində işğal altında qalan torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası – Qarabağ savaşında böyük Qələbənin bəhrəsidir.
    Azərbaycanın ədliyyə işçilərinin peşə bayramlarını zəfər ayında qeyd etmələri onlar üçün ikiqat sevinclidir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qazanılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.
    Başda cənab nazirimiz Fərid Əhmədov olmqla, həmkarlarımı qarşıdan gələn 22 Noyabr – Ədliyyə İşçisi Günü münasibətilə təbrik edirəm!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ