Sizin reklam burada
Sizin reklam burada
  • Əmək və sosial siyasət komitəsinin iclasında

    Aprelin 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.
    İclasda, əvvəlcə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Təklif olunan dəyişikliklər barədə məlumat verən Komitə sədri qeyd edib ki, Qanun layihəsi “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır. O, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə, həmçinin Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif olunan düzəlişlərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına şamil olunan güzəştlərdən istifadə hüququnu təmin edəcəyini diqqətə çatdırıb.
    Qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. Qeyd olunub ki, qanun layihəsi DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilmişdir.
    Sonra gündəlikdə duran növbəti məsələlər barədə danışan Komitə sədri Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Komitənin müzakirəsinə çıxarılıb. Qanun layihələrinin Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edildiyini deyən Komitə sədri bildirib ki, qanun layihələri ilə bağlı Komitəyə heç bir təklif daxil olmamışdır.
    Sonda gündəliyin sonuncu məsələsi “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Komitə sədri qanun layihəsinə təklif olunan dəyişikliklərin redaktə və uyğunlaşdırma xarakterli dəyişikliklər olduğunu nəzərə çatdırıb.
    Müzakirələrdə komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Soltan Məmmədov, Arzu Nağıyev, Məlahət İbrahimqızı və Əziz Ələkbərov məsələlər ilə bağlı öz fikir və qeydlərini səsləndiriblər.
    Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
    Tədbirdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Ziyad Səmədzadə, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Əziz Ələkbərov, Soltan Məmmədov, Arzu Nağıyev, İlham Məmmədov, Aqil Məmmədov, Vüqar Bayramov iştirak ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ