Sizin reklam burada
Sizin reklam burada
  • Qarabağ müharibəsi artıq tarixdir

    Rəşad Mahmudov
    Millət vəkili, YAP İdarə Heyətinin üzvü

    Azərbaycan hərb meydanında qalib gələrək cəmi 44 gün ərzində torpaqlarını erməni işğalçılarından azad edərək tarixi zəfərə imza atdı. 20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanda uzun müddət kök salmış erməni separatizminə birdəfəlik son qoyuldu.
    İndi ölkəmiz 30 illik münaqişənin nəticələrini aradan qaldırmaqla məşğuldur. Ancaq İkinci Qarabağ müharibəsinin nəticələri bəzi dövlətləri, xüsusilə də Fransanın heç də ürəyincə deyil. Postmüharibə reallıqları ilə barışmaq istəməyən rəsmi Paris erməniləri Azərbaycana qarşı kökləyir və bununla da Cənubi Qafqaz regionunu növbəti təhlükəli astanaya yaxınlaşdırır. Neytrallığını geosiyasi ambisiyalara qurban verən Fransanın bu siyasəti şübhəsiz ki, Azərbaycanı haqlı yolundan döndərə bilməz. Bu, birmənalı şəkildə belədir.
    Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə də Fransaya və digər ermənipərəst mövqe sərgiləyən ölkələrə bununla bağlı aydın ismarıc göndərməklə bir daha ölkəmizin mövqeyini nümayiş etdirdi.
    Qarabağ münaqişəsi artıq tarixdir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi günümüzün reallığıdır. İndi masada sülh gündəliyidir. Bakı İrəvanı düşmənçiliyi bir kənara qoyub qonşuluq münasibətlərində yeni səhifə açmağa dəvət edir. Müzakirə olunacaq məsələlər də məlumdur. Azərbaycan beynəlxalq hüquqa uyğun qərarların qəbul edilməsinin tərəfdarıdır və İrəvanı da belə mövqe sərgiləməyə çağırır. Lakin qeyri-regional ölkələr Ermənistanı konstruktiv istiqamətə yönəltmirlər. Burada xüsusilə də Fransa aktiv fəaliyyəti ilə seçilir. Afrikada acı məğlubiyyətə uğrayan Fransa prezidenti Emmanuel Makron İrəvan vasitəsilə regiona soxulmağa çalışır və Ermənistanı silahlandırmaqdan da çəkinmir. Paralel olaraq Paris beynəlxalq hüquqa uyğun ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı məkrli siyasət yürüdür. İşğalçını dəstəkləməklə, E.Makron ikili standartlara yol verir. Təkcə Paris yox, Avropanın bir sıra beynəlxalq təşkilatları da belə qeyri-konstruktiv mövqe sərgiləyirlər. Məsələn, son vaxtlar Avropa İttifaqının rəhbərliyi reallıqdan uzaq bəyanatlar səsləndirirlər. Bu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin çıxışlarında özünü daha qabarıq göstərir.
    Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə Prezident İlham Əliyev bu məqama toxunaraq təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.
    Cozef Borrelin qeyri-adekvat bəyanatları həqiqətdən tamamilə uzaqdir və məqsədlidir . Prezident İlham Əliyev qonaqların nəzərinə çatdırdı ki, birincisi, C.Borrelin məlum bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına tamamilə ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. C.Borrell iddia edir ki, guya, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edir və Azərbaycanı Ermənistan ərazisini “işğal etməkdə” günahlandırır. Dövlət başçısı almaniyalı qonaqlarla görüşündə bir daha bəyan etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir, Ermənistana hücum etmək planları yoxdur və bu iddialar Emmanuel Makronun insinuasiyalarıdır. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Fransanın bütün bu əməlləri ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Görüşdə Prezident İlham Əliyev birmənalı şəkildə bildirdi ki, ABŞ və Fransa regionda yaranmış yeni reallıqları qəbul etməlidir.
    Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə növbəti dəfə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə həm ölkəmizin sülh prosesinə sadiqiyini, həm də anti-Azərbaycan dairələrinə, ölkəmiz haqqında məqsədli şəkildə mənfi təəssürat yaradanlara yerini göstərdi.
    Dövlətimizin başçısının qeyd etdiyi kimi bütün bunlar istər ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın iqtisadi gündəliyinə, istərsə də xalqımızın rifahı naminə görülən işlərə mane ola bilməz. Çünki Azərbaycanın mövqeyi hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərinə söykənir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ