Sizin reklam burada
Sizin reklam burada
  • Deputat məsələ qaldırdı: "Biz artıq sürət qatarını Şirvan istiqamətində açmalı və sonradan Sabirabad, Saatlı, İmişli və Şərqi-Zəngəzur istiqamətində genişləndirməliyik"

    "Xalqın birliyi və Müzəffər Ali baş komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərini təmin edən Azərbaycan öz inkişafını, iqtisadi yüksəlişini illərdir ki, davam etdirir. 2024-ci ilin Dövlət büdcəsi də bizim müstəqilliyimizin ən böyük həcmli büdcəsidir."
    Bu fikirləri Milli Məclisin bu gün-noyabrın 21-də keçirilən plenar iclasında "2024-cü ilin Dövlət büdcəsi haqqında" Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat İltizam Yusifov səsləndirdi. O, əlavə etdi ki,
    büdcə layihəsində bütün sahələr üzrə artım, o cümlədən Böyük qayıdışla bağlı azad olmuş torpaqlarda bərpa-quruculuq işlərinin maliyyələşməsinin davam etdirilməsi nəzərdə tutulur:
    "Bu gün dünyadakı narahat geosiyasi vəziyyət, müharibə ocaqlarının eskalasıyası, gözlənilən qeyri-stabil geopolitk şəraitdə ölkəmizin təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılmasına ayrılan xərclər isə Azərbaycan xalqının, Azərbaycan dövlətinin sülh şəraitində firavan yaşayışı və inkişafına xidmət edəcək addımlardır.
    Müasir reallıqlar kontekstində ölkəmizin həyata keçirdiyi meqalayihələr, o cümlədən infrastruktur və nəqliyyat sektorunda əldə etdiyi nailiyyətlər bütövlükdə nəinki region ölkələri, o cümlədən dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Bu sahədə böyük işlər görülür. Lakin görüləcək işlər də çoxdur.
    Bir neçə məqama toxunacam. Bu gün Azərbaycanda avtomobil nəqliyyatının havanı çirkləndirməsi nəticəsində atmosferə bir insanın orta çəkisindən 2-3 min dəfə çox insan orqanizminə olduqca ziyanlı olan dəm qazı atılır. Bu çox böyük rəqəmdir. Mən avtomobil parkının vəziyyətindən danışmaq istəmirəm. Hökumət bu sahədə uğurlu addımlar atır. Artıq elektrik və hibrid avtomobillər istifadə geniş vüsət alıb. Lakin Nəqliyyat sahəsində müasir çağırışlara və o cümlədən Milli Preoritetlərə uyğun olaraq, ölkə daxilində artıq daha ekoloji təmiz nəqliyyat vasitələrindən istər yükdaşımada, istərsə də müntəzəm sərnişin daşımada istifadə etməyin vaxtıdır.
    Bu gün dəmir yolu xətti, bizim bütün şəhər və rayonları, hətta iri istehsal müəssisələrini əhatə etməsinə baxmayaraq ölkə daxilində bütün yüklərin əksər hissəsi avtomobil nəqliyyatı ilə daşınır və burada dəmir yolunun payı yükdaşımada 1%-in üstündə, sərnişindaşımada isə 1%-in altındadır. Bu da Büdcə hesabına qurulan yol infrastrukturunun vaxtından əvvəl sıradan çıxmasına, yollarda qəzalar və insan həyatının itirilməsinə və ən əsası atmosfer havasının çirklənməsinə səbəb olur.
    Burada deyildi ki, müasir sürət qatarı Akstafaya, Tovuza gedir. Mən hesab edirəm ki, biz artıq sürət qatarını Şirvan istiqamətində açmalı və sonradan Sabirabad, Saatlı, İmişli və Şərqi-Zəngəzur istiqamətində genişləndirməliyik. Bu, Regionlardan Bakıya və əks istiqamətdə gündəlik iş üçün gedən insanların və o cümlədən tələbələrin asan gediş-gəlişini təmin edə bilər. Bu, bir çox sosial problemlərin həlli və o cümlədən Bakıda tıxacların qarşısını da ala bilər."
    İltizam Yusifov, həmçinin nəqliyyatla bağlı onu da qeyd etdi ki, bölgələrdə standartlara və müasir tələblərə uyğun olmayan bir ictimai nəqliyyat sistemi fəaliyyət göstərir. Yaxın vaxtlarda Nəqliyyat sahəsində Qanunvericilik bazasını təkmilləşdirdik və hesab edirəm ki, bu sahədə qayda-qanun yaratmağın vaxtıdır:
    "Digər bir məsələ Təhsillə bağlıdır. Gələn il təhsil xərcləri cari ilə nisbətən 3.2% artırılır. Bundan əlavə məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam qidalanması üçün nəzərdə tutulan xərclər də cari ilə nisbətən 4.1 % artırılır. Lakin hesab edirəm ki, biz artıq məktəblərdə də qidalanmanı birbaşa dövlət nəzarətinə götürməliyik. Bu yaxınlarda məktəblilərin dönərdən kütləvi zəhərlənməsinin şahidi olduq və bu, cəmiyyətdə və sosial şəbəkələrdə böyük bir müzakirələrə səbəb oldu. Belə ki, kiçik yaşlı siniflər, o cümlədən imkansız ailələrin uşaqları mütləq dövlət hesabına isti yeməklə təmin olmalıdırlar. Bunu İcbari Tibbi sığorta kimi, pilot layihə formatında bir neçə rayon və şəhərdə başlayıb, bir neçə ilə ölkənin bütün məktəblərində tətbiq etmək olar.
    Burada çıxış edən həmkarlarım bölgələrdə iş yerlərinin açılmasının vacibliyini vurğuladılar. Bəli bu lazımdır, mən də razıyam. Lakin hesab edirəm ki, reqionlarda, əsasən də pay torpaqları olan və kənd təsərrüfatı profilli rayonlarda iş yerlərinin açılmasını fabrik və zavodların tikilməsi kimi deyil, Büdcə zərfində 2024-2027 –ci illər üçün iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq fərdlərin özünüməşgulluğunun, ev təsərrüfatlarının inkişafına çalışaraq əsasən yerli xarakterə uyğun, ənənəvi istehsal və sənətkarlığı inkişaf etdirmək lazımdır. 2024-cü il Dövlət büdcəsinin gəlirlərinin təsnifatında (Büdcə zərfi-3 kitab) Qida Təhlükəsizliyi xidmətlərindən daxilolmalar -0 manat göstərilib. Hesab edirəm ki, ev təsərrüfatlarının və fərdlərin bazara effektiv çıxışını təmin etmək üçün, yerlərdə, hətta kənd səviyyəsində kiçik laboratoriyalar fəaliyyət göstərməlidir ki, kəndli hətta həyətyanı məhsulunu istənilən yerli bazara/marketlərə operativ çıxara bilsin.
    Büdcədə Olimpiya idman Kompleksləri və digər idman qurğularının qismən saxlanılması üçün 21 milyondan artıq vəsait nəzərdə tutulub(Büdcə zərfi-3 kitab/7-3-1). Olimpiya idman növləri ilə əhalinin məşğul olması ödənişsiz olduğundan Komplekslərin saxlanılmasında müəyyən çətinliklər var. Hesab edirəm ki, Olimpiya idman Komplekslərinin enerji daşıyıcıları- işıq, qaz , su, istiliklə təminatı ödənişləri güzəştli şərtlərlə yerinə yetirilsə bu problemin həllinə nail olmaq olar."- Deputat dedi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ