Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın siyasi təqvimi və siyasi məktəbi Heydər Əliyevin adı ilə bağlıdır

    Namiq Cəfərov
    Göygöl RİHBA Ərazi idarəetmə və yerli özünüidarəetmə
    orqanları ilə iş şöbəsinin müdiri

    İnkaredilməz həqiqətdir ki, Azərbaycanda müstəqillik dövrünə qədər siyasi partiya ənənələri, demək olar ki, olmayıb. Bu, bir çox səbəblərlə əlaqədardır. İlk növbədə vurğulamaq gərəkdir ki, SSRİ dönəmində siyasi sistem təkpartiyalı olub və plüralizmin, sərbəst fəaliyyət və rəqabət mühitinin mövcud olmaması siyasi partiya ənənələrinin formalaşmasına imkan verməyib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra isə demokratik təcrübənin qazanılması - siyasi partiya ənənələrinin formalaşması məhz lider amili sayəsində mümkün olub. Daha dəqiq desək, ulu öndər Heydər Əliyevin siyasi lider kimi məqsədyönlü fəaliyyətinin nəticəsində müstəqillik və dövlətçilik tariximizin çox mühüm siyasi ənənələrindən biri formalaşıb. Bu, siyasi partiya ənənəsidir və 1992-ci ilin noyabrın 21-də xalqın çağırışı əsasında güclü Lider ətrafında partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılması ilə baş tutub. Məlum olduğu kimi, YAP yarandığı zaman ölkədaxili vəziyyət və siyasi şərait olduqca gərgin, mürəkkəb idi. Yeni Azərbaycan Partiyası o vaxt müxalifət partiyası statusunda idi. Buna baxmayaraq, partiya həmin müddətdə iqtidarda və müxalifətdə təmsil olunan digər partiyalardan fərqlənməyi, sivil siyasi davranış qaydaları və normaları nümayiş etdirməyi bacardı. Yeni Azərbaycan Partiyasının yaradılmasına qədər ölkəmizdə siyasi sistemin mövcud olmadığını bildirən Prezident İlham Əliyev deyib: “Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
    Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasətdə və idarəetmədə yaratdığı ənənələr zaman və məkan məfhumunun fövqündə olan dəyərlər sistemidir, bu gün də aktualdır, gələcəkdə də dəyişməz prinsiplər kimi qalacaq. Onun “Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın” fikri Heydər Əliyev siyasətinin, əslində, dövlətçilik əqidəsi olduğunu göstərir. Yeni Azərbaycan Partiyası müxalifətdə olduğu zaman Heydər Əliyev dövlətçilik prizmasından çıxış edərək siyasi fəaliyyəti milli maraqların qorunması, müstəqillik, rifah, inkişaf və tərəqqi naminə çalışmaq kimi səciyyələndirirdi. Onun hələ 1993-cü ilin iyununda Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü, siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşdiyi vaxtda “Biz Azərbaycan Prezidentinin ətrafında birləşməliyik”,-deyə fikir söyləməsi Heydər Əliyev siyasətinin şəxsi ambisiyalardan, konyuktur maraqlardan uzaq olduğunu göstərirdi. Bu, dövlətçilik məktəbi, siyasi mədəniyyət nümunəsi və özündə vətənpərvərliyi, milliliyi əks etdirən sivil siyasi davranış qaydası idi. Bu, həmçinin yeni Azərbaycanın müasir siyasi ənənələrinin rüşeymi idi.

    Xüsusi olaraq "Atributinfo.az" üçün

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ