Sizin reklam burada
Sizin reklam burada
  • Səfir: Azərbaycan və Pakistan azad ticarət imkanlarını öyrənirlər

    Səfir: Azərbaycan və Pakistan azad ticarət imkanlarını öyrənirlər Azərbaycanın Pakstanda fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin müsahibəsi
    - İki ölkə arasında siyasi münasibətlərin cari vəziyyətini necə dəyərləndirirsiniz? Bu il Azərbaycanın Pakistana münasibətdə əsas prioritetləri hansılar olacaq?
    - Əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycanla Pakistan arasında ortaq bağlılıqlar mövcuddur, dini, mənəvi dəyərlərimiz, bir çox oxşarlıqlarımız var. Pakistan Azərbaycan üçün qardaş və müttəfiq ölkədir. Hər iki ölkə rəhbərləri əlaqələrə xüsusi diqqət göstərir. Ölkə prezidentləri tərəfindən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb və əlaqələrimiz bu istiqamətdə də davam edir. Əsas prioritetlər dostluq və qardaşlıq əlaqələrimizin daha da dərinləşdirilməsi, imzalanmış bəyannamədə əksini tapmış və qeyd olunmuş məsələlərin icrasını təmin etməkdir ki, bu məsələlər də bütün sahələrin, siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik, ticarət, enerji, turizm və digər bir çox sahələrin daha da inkişafını özündə ehtiva edir.
    - Bundan əvvəl Pakistanın Baş naziri Nəvaz Şərif bəyan etmişdi ki, Pakistan Azərbaycanla müxtəlif sahələrdə münasibətləri möhkəmləndirmək, əlaqələrin səviyyəsini dostluq münasibətlərindən güclü iqtisadi tərəfdaşlığadək artırmaq niyyətindədir. Hansı sahələr iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün səmərəli ola bilər?
    - Bəli, Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişafı hər iki ölkənin rəhbərlərinin diqqətindədir. Ötən ilin oktyabr ayında Pakistan Baş nazirinin səfərinin ardınca Pakistanın ticarət naziri bir qrup iş adamları ilə birgə Azərbaycana səfər etdi. Bu ay Azərbaycandan bir sıra iş adamlarının cəlb olunması ilə ixrac yönümlü biznes heyətin Pakistana səfərinin təşkili nəzərdə tutulub. İqtisadi sahədə müəyyən digər səfər və tədbirlərin keçirilməsi planlaşdırılır. İqtisadi əlaqələrin daha da inkişafı üçün maraq kəsb edən sahələr çoxdur və yeni sahələr üzərində də araşdırmalar aparılır. Müdafiə sənayesi, kənd təsərrüfatı məhsulları, tekstil, dərman ləvazimatları və tibb avadanlıqları, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş məhsulların ticarəti sahəsində, enerji və turizm sahəsində, nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də digər sahələrdə əməkdaşlığın daha da inkişafına nail olmaq olar və bu istiqamətdə işlər gedir.
    - Pakistanla Azərbaycan arasında gömrük və viza rüsumlarının sadələşdirilməsi üçün hansı addımlar atılır?
    - Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərancamlarına əsasən gömrük, eləcə də viza prosedurlarının sadələşdirilməsi üçün bir çox islahatlar həyata keçirilib və prosedurlar minimuma endirilib.
    Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində "bir pəncərə" prinsipi daha da təkmilləşdirilib, ötən ildən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydalarının artıq tətbiqinə başlanılıb. Bu sistemlərin həyata keçirilməsi gömrük nəzarətinin və baxışının vaxtını, eləcə də məsrəflərini xeyli azaldıb. Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə elektron xidməti istifadəyə verilib. Bilirsiniz ki, bu gün Azərbaycan gömrüyündə ən yüksək texnologiyalar tətbiq olunur və bütün bu qaydalar, texnologiyalar, xidmət və sadələşdirmələr, sözsüz ki, iş adamlarının fəaliyyətinin stimullaşdırılması, vətəndaşların rahatlığı üçün edilib və pakistanlılar da bu şəraitdən faydalanırlar. Hər iki ölkənin gömrük orqanlarının əməkdaşları qarşılıqlı olaraq müxtəlif kurslarda iştirak edir, yeniliklər haqqında məlumat alırlar.
    Viza rejimi də artıq kifayət qədər sadələşdirilib. Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemi yaradılıb və bu sistem yanvarın 10-dan tam fəaliyyətə başlayıb. Artıq Pakistan vətəndaşları da elektron viza alınması üçün birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət edib Azərbaycana viza alırlar.
    - Pakistan Azərbaycana azad ticarət haqqında saziş imzalamağı təklif etmişdi. Bu məsələ hazırda hansı mərhələdədir?
    - Bilirsiniz ki, azad ticarət sazişinin hazırlanması və razılaşdırılması uzun zaman tələb edən prosesdir və hər iki tərəfin iqtisadi, ticari maraqlarına uyğun gəlməlidir, prioritetlər nəzərə alınmalıdır. Pakistan ticarət nazirinin Azərbaycana səfəri zamanı azad ticarət sazişi ilə bağlı müzakirələr aparılıb və aidiyyəti orqanlarımız tərəfindən nəzərdən keçirilir.
    - Cari ildə hansı rəsmi səfərlər gözlənilir?
    - Səfərlər əlaqələrdə mühüm rol oynayan aspektlərdən biridir və hər dəfə öz töhfəsini verir. Hər bir səfərdən sonra yeni əməkdaşlıq fikirləri, sahələri ortaya çıxır, mövcud işlərin icrası sürətləndirilir. Cari ildə də siyasi, iqtisadi, ticari, hərbi-texniki, parlamentlərarası və digər əlaqələrin daha da artırılması üçün bir çox səfərlərin həyata keçirilməsi nəzərdə tutulub. Yuksək səviyyəli səfərlərin də həyata keçirilməsi planlaşdırılır.
    - Pakistan tərəfi Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə imkanlarını nəzərdən keçirirmi?
    - Bu məsələ ötən il Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının iclasında nəzərdən keçirilib, Pakistan tərəfinin də Azərbaycanın telekommunikasiya peykinin xidmətlərindən istifadəsinin mümkünlüyü bildirilib. Pakistan tərəfinin təklifə baxması və bu sahədə də əməkdaşlığın qurulması planlaşdırılır.
    - Yaxln planda Azərbaycan hökuməti bir sıra texnologiya parkları və sənaye məhəllələrinin yaradılmasına əhəmiyyət verir. Pakistanlı sahibkarlar bu layihələrdə iştirak etməyə nə dərəcədə maraqlıdır?
    - Bu parkların artıq bir neçəsi yaradılıb və fəaliyyət göstərir. Azərbaycanın sənaye və texnologiya parklarına investisiya yatırılması pakistanlı iş adamları tərəfindən də nəzərdən keçirilir. Çünki bu parklarda əlverişli infrastruktur, güzəştli mexanizmlər, vergidən azadolmalar təklif edilir, xarici investisiyaların cəlbi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün sadələşdirilmiş prosedurlar, dövlət dəstəyi mövcuddur. İlkin məqsədimiz bu parklar haqqında, təqdim olunan güzəştlər barədə Pakistanın dövlət və özəl müəssisələrini, iş adamlarını məlumatlandırmaqdır və bu istiqamətdə səfirliyimiz, eləcə də aidiyyəti orqanlarımız tərəfindən Pakistanla da işlər aparılır. Keçirilən əksər görüş və tədbirlərdə, təqdimatlarda məlumatlar verilir və maraq artır. İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində bu parklar öz müsbət töhfəsini verə bilər və iki ölkə arasında mövcud dostluq münasibətlərini, iqtisadi əlaqələrin inkişafı məqsədlərini də nəzərə alsaq, pakistanlı iş adamlarının da yararlanma imkanları böyükdür.
    - Turizm sahəsində əməkdaşlıq necə inkişaf edir?
    - Azərbaycanın turizm imkanları zəngindir. Pakistanın da bu sahədə imkanları genişdir. Turizm sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Pakistan turizm şirkətlərinin Azərbaycanda keçirilən turizm sərgilərində iştirakı, informasiya və təcrübə mübadiləsinin aparılması, turizmin müxtəlif növlərinin, o cümlədən qış turizminin təşviqi diqqətdə saxlanılır. Pakistanlı və xarici turistlərin cəlbi üçün Azərbaycanın turizm potensialı, görməli yerləri, regionları, o cümlədən təbiəti, turizm infrastrukturu, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri və mehmanxanaları, qış turizmi və turizmin digər imkanları haqqında səfirliyimiz tərəfindən də müvafiq təqdimatlar vaxtaşırı keçirilir, turizm şirkətlərinə məlumatlar verilir, kütləvi informasiya vasitələrində təşviqatlar aparılır və artıq Pakistandan da Azərbaycana səfər edən turistlərin sayında artımın olduğu müşahidə edilir. Və düşünürük ki, ölkəmizin turizm potensialının təbliği, viza rejiminin sadələşdirilməsi və bu ildən “ASAN Viza” sisteminin işə başlaması ölkəmizə səfər edən pakistanlı turistlərin sayını daha da artıracaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ