Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub

Gürcüstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ATA Holdinq İdman sarayında Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərlə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı görüş keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Marneulidə yaşayan azərbaycanlı gənclər və Tiflisdəki müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr və jurnalistlər iştirak ediblər.
Tədbiri açan Azərbaycan səfirliyinin birinci katibi E. Məmmədov Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan prezidentinin sərəncamı ilə bağlı həyata keçiriləcək tədbirlər planı ilə bağlı azərbaycanlı gənclərin fikir və təkliflərini dinləyib. Tədbir iştirakçıları Gürcüstan ictimaiyyəti arasında Xocalı soyqırımı ilə bağlı təbliğat və təşviqat işlərinin gücləndirilməsi haqqında fikir və təkliflərini bildiriblər. Çıxış edənlər “Xocalıya Ədalət” kampaniyası çərçivəsində gürcü və azərbaycanlı gənclərin birləşərək gürcü və ingilis dillərində Xocalı soyqırımına həsr olunan video çarxın hazırlanması və bu çarxın Gürcüstan ictimaiyyəti arasında yayılmağının vacibliyini vurğulayıblar.
Tədbirdə həmçinin Tiflisdəki metroların giriş və çıxışlarında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan bukletlər, kitablar, qəzet və fotolardan ibarət sərgilər təşkil edilməsi qeyd edilib. Tiflisin Rustaveli küçəsinə Xocalı ilə bağlı yürüş keçirmək və ən izdihamlı yerlərdə “Xocalı guşəsi” yaratmaq təklif edilib.
Görüşdə həmçinin Tiflisdəki Pantamima Teatrının aktyorlarının iştirakı ilə Xocalı soyqırımı hadisəsinin görüntülərini nümayiş etdirmək də təklif olunub. Gənclər tədbirlər barədə Tiflis şəhər merinə məlumat verəcəklərini bildiriblər.
Gürcüstanda keçiriləcək tədbirlərin bütün Gürcüstan ərazilərini əhatə edəcəyini və Xocalıya həsr olunan tədbirlərdə gürcü gənclərinin də cəlb olunacağı bildirilib. Tədbirdə Xocalı haqqında gürcü mətbuatında soyqırımla bağlı yazıların dərc olunacağı bildirilib. Qeyd olunub ki, soyqırımın 25-ci ildönümü ilə bağlı gürcü rəssamlarının müsabiqəsi keçirilsin və sonda qaliblər müəyyənləşdirilsin və azərbaycanlı yeniyetmələr arasında “Şəhidlərə məktub” mövzusunda imla yazısı müsabiqəsi təşkil edilsin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ