Sizin reklam burada
Sizin reklam burada

Prezident ölkə mediasını dayanıqlı islahatlara hazırlayır

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Bildiyimiz kimi, cari ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarının nümayəndələri ilə görüş keçirdi, həm 2022-ci ilin sosial-iqtisadi nəticələrinə, həm də 2023-cü ildə Azərbaycanın, hər birimizin qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi, eyni zamanda jurnalistlərlə geniş fikir mübadiləsi apardı.
Bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən hadisə kimi də qiymətləndirilir.
Artıq ənənə halını almış bu müsahibələrin keçirilməsi doğrudan da ölkədə cəmiyyət üçün çox faydalı və zəruridir. Ölkə başçısı istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamətlərini əhatə edən sualları cavablandırmaqla görülmüş işlərə öz qiymətini verir və əsasən ölkə üçün, dövlət üçün icrası daha vacib olan məsələlərin həllinə dair öz fikrini bildirir.
Onun cari məsələlərə geniş müsahibə formatında öz fikrini bildirməsini dörd istiqamətdə ehtiva etmək mümkündür.
İlk növbədə ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulmuş hədəflərə nail olunmasında hansı istiqamətdə fəaliyyət göstərəcəyini konkret olaraq Canab Prezidentin nitqindən eşidir.
Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibəyə əsaslanaraq məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlərin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər.
Bu müsahibə eyni zamanda cəmiyyətdə müxtəlif fikirlərə sahib, fərqli düşünən beyin mərkəzləri tərəfindən əlavə olaraq mətbuatda müzakirələrə səbəb ola biləcək məsələlərin qarşısının alınmasında, onlar tərəfindən təqdim ediləcək müvafiq hesabatların daha düzgün və dolğun olmasında Cənab Prezidentin çıxışına istinad edilə bilməsi baxımından faydalıdır.
Fikrimcə verilən müsahibədə son və ən əsas istiqamət isə beynəlxalq təşkilatlar və beynəlxalq təşkilatlara üzv olan dünya dövlətləri üçün Azərbaycanın prioritetləri və hədəflərinə dair aydın baxışı ilə əvvəlcədən tanışlıq üçün şərait yaratmasıdır.
Ümumiyyətlə Prezident İlham Əliyev hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib, eləcə də media fəaliyyətinin əlaqələndirilməsinə, informasiya təhlükəsizliyinin qanuni çərçivədə nizamlanmasına diqqət yetirib.
Cənab Prezidentin xoş məramı ilə ərsəyə gələn KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin fəaliyyəti dünyada böyük maraq doğurmuşdu. Fondun xətti ilə müstəqil nəşrlərin fəaliyyətinə hər zaman ardıcıl maliyyə dəstəyi göstərilmiş, peşəkar jurnalist yaradıcılığı daim stimullaşdırılmışdır.
Mətbuat sahəsində görülən işlərin kulminasiyası isə iki il əvvəl “Media haqqında” yeni qanun layihəsinin hazırlanması və 2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunması, onun ictimai müzakirələrinin keçirilməsi, habelə bu qanunun düzgün və operativ qaydada icra olunması üçün zəruri mexanizmlərin, institusional əlaqələndirmə qurumunun yaradılması idi.
Hal-hazırda həmin qurumun “Media haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn bütün istiqamətlərdə gördüyü işlərin proqramlaşdırılması ölkədə mövcud jurnalistika fəaliyyətinin daha da təkmilləşdirilməsi, kvalifikasiya standartlarına uyğun kadrların elmi yanaşmasının bir az da artırılması, ali təhsil müəssisələrində jurnalistikaya dair daha geniş ixtisas seçiminin olması, peşəkar jurnalistlərin hazırlanması üçün yeni dərsliklərin yaradılması üçün hərtərəfli imkan yaradır.
Yerli telekanallar, kütləvi informasiya vasitələri, dövrü mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini bundan sonra da gücləndirməlidir.
İstər müharibə vaxtı, istərsə də müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin beynəlxalq və yerli mətbuatla ünsiyyətinin formatı, eləcə də apardığı informasiya siyasəti ölkə mətbuatının yeniləşməsində və daha da inkişaf etməsində özünü biruzə verərək bu işin dayanıqlı olacağını bildirməyə əsas verir.




  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ