Sizin reklam burada
Sizin reklam burada

Sana İmran: “Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən, təhlükəsiz müsəlman ölkəsidir”

Sana İmran: “Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən, təhlükəsiz müsəlman ölkəsidir” Xəzər Universitetinin müəllimi, dissertantı, Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesinin həyat yoldaşı Sana İmranın müsahibəsi
- Xeyli vaxtdır, Azərbaycanda yaşayırsınız. Bu ölkə haqqında düşüncələriniz nədir?
- Azərbaycan, stabil, sürətlə inkişaf edən və Cənubi Qafqazın, Avrasiya regionunun ən təhlükəsiz müsəlman ölkəsidir. Bu ölkə karbohidrogen ehtiyatları və heyrətamiz landşaftla zəngindir. Azərbaycanın cənub-qərbdən Asiya və cənub-şərqdən Avropanın qovşağındakı coğrafi mövqeyi, nəinki Avropa hətta Asiya üçün çox mühüm əhəmiyyət kəsb edir. “Odlar Yurdu” Azərbaycanın dünyaya ləyaqətlə təqdim edə biləcəyi zəngin tarixi və mədəni irsi var. Azərbaycan xalqı olduqca mehriban və qonaqpərvərdir. Bu ölkə, digər dinlərdən və məzhəblərdən olan insanlara qarşı böyük tolerantlıq nümayiş etdirən əhaliyə və dünyəvilik dünyagörüşünə malik müsəlman ölkəsidir. Bu plüralist və multikultural davranış Azərbaycan cəmiyyətinin ən böyük güc qaynağıdır. Azərbaycanın güclü iqtisadiyyatı var, bu iqtisadiyyat əsasən neft gəlirlərindən qaynaqlanmaqdadır, lakin son vaxtlar qeyri-neft sektorunda gözlə görülə bilən inkişaf tendensiyası yaşanır. Ayrıca, ölkə turizm və sənaye sektorlarında daha böyük addımlar atıb.
- Sizin təhsil tarixçəniz necədir? Nə səbəbdən araşdırma sahəsi olaraq, Azərbaycanı seçdiniz?
- Pakistanda marketinq sahəsində biznesin idarə olunması üzrə Magistr dərəcəsinə sahibəm. Vətənimdə çoxsaylı tanınmış universitetdə marketinq sahəsi üzrə yetərli tədris təcrübəm var. Bundan öncə isə tanımış bir bankda bir neçə il müddətində icraedici vəzifələrdə çalışmışam. 2014-cü ildə həyat yoldaşımın diplomatik təyinatı ilə əlaqədar Azərbaycana gəldim. Azərbaycan yaşamaq üçün gözəl məkandır. Pakistan və Azərbaycan arasında qarşılıqlı hörmət, etimad və xoş niyyət mövcuddur və bu özünü həm dövlət və digər səviyyələrdə büruzə verir. Hətta bunu Bakıda qaldığım ilk gündən bəri hərtərəfli nəvazişlə qarşılaşdığım üçün öz təcrübəmdə hiss etdim. Tədqiqat işimdə əsas diqqət “Milli Kimliyin Formalaşmasında Markaların Rolu” mövzusunu analiz etməkdir. Azərbaycan milli brendləşmə ilə bağlı ən yaxşı modeli təqdim etməkdədir. Bu ölkənin potensialından ilhamlanaraq, Azərbaycanı araşdırma sahəm olaraq seçdim. Azərbaycan dinamik iqtisadiyyatı, tolerant cəmiyyət və mədəni müxtəliflik səbəbiylə hər keçən gün dünyada daha da inkişaf edir. Əslində bu, yenicə yaranan uğur hekayəsinin ən yaxşı şəkildə inkişaf etməsidir. Azərbaycan hökuməti prezident İlham Əliyevin rəhbərliyi altında 'Azərbaycan brendi” təşəbbüsünü dəstəkləməkdədir. Elmi tədqiqat işimlə Azərbaycan kimi inkişaf etməkdə olan təhlükəsiz, tolerant və irəliyə yönümlü inkişaf etməkdə olan millətlərin həyatın digər sferalarında bərabər dərəcədə tərəqqi əldə edilə biləcəyini araşdırmaq istəyirəm. Valehedici təbii gözəlliyi, dinamik iqtisadiyyatını və səmimi hökumət səyləri ilə Azərbaycan bir milli markası təqdim edilə bilər. Son bir neçə ildə Azərbaycan tərəfindən beynəlxalq səviyyədə çox sayda nəhəng tədbirlər keçirilib. Misal olaraq, “Eurovision” Mahnı Müsabiqəsi-2012, 1-ci Azərbaycan Müdafiə Sərgisi (ADEX) -2014, Avropa Oyunları -2015, Beynəlxalq Şahmat Olimpiadası-2016, Avropa Grand Pri Formula-1 Yarışması, 2016, 2-ci ADEX-2016 və qarşıdan gələn İslam Həmrəyliyi Oyunları -2017, Azərbaycanın imicini beynəlxalq aləmə çatdırmaqda böyük rol oynayıb. 2016-cı ildə isə turizmin nəzərəçarpacaq dərəcədə inkişafı yuxarıda sadaladığım tədbirlərlə bağlıdır. İqtisadiyyatın şaxələndirilməsi düzgün istiqamətdə atılan digər bir addımdır. Bu, aşağı neft qiymətlərinin və ya neft iqtisadiyyatının neqativ təsirlərinin azaldılmasına yardımçı olacaq. Yerli sənaye düzgün bir şəkildə inkişaf etdirilərsə, rəqabət üstünlüyünə sahib olan məhsulların istehsal edilməsinə kömək olar. Bu qəbildən olan keyfiyyətli milli markalar regional və ya qlobal bazarlarda öz əksini tapmaqla Azərbaycan kimliyini təşviq etməyə yardımçı olacaq. Qeyri-neft sektorun inkişafı ilə birlikdə sənayenin gücləndirilməsi, ixrac bazasının genişləndirilməsi, turizm təşəbbüslərinin təşviqi, hərtərəfli iqtisadi islahatların həyata keçirilməsi vacib məsələlərdəndir. Eynilə, insan kapitalının inkişafı, Azərbaycan kimi inkişaf etməkdə olan xalqların nailiyyətlərini möhkəmləndirmək üçün də çox vacibdir.
- Milli Kimlik nədir? Bunun anlamının necə izah edərsiniz?
- Müasir mühitdə millətlər beynəlxalq aləmdə milli markaların səmərəli şəkildə yayılması vasitəsilə tanınır. Markalar milli kimliyin formalaşmasında diplomatiya və müdafiə, iqtisadiyyat və ticarət, moda və sənaye kimi sahələrə təsir göstərməkdədir. İnkişaf etməkdə olan ölkələr milli kimliklərini təşviq etmək üçün markalardan səmərəli şəkildə istifadə edə bilər. Xüsusi diqqətlə hazırlanan reklamlar və hərtərəfli düşünülmüş media kampaniyaları ümumilikdə marka məhsullarını uğurlu marketinq təkliflərinə çevirir. İnkişaf edən Azərbaycan dövlətinin düzgün imicinin dünyada təşviq edilməsi üçün bir sıra milli brendləşmə təşəbbüslərinə start verilib. Bu təşəbbüslərdən sadəcə bir neçəsini misal gətirmək olar; “Heyrətamiz Azərbaycan”, “Azərbaycan- Odlar Diyarı”, “Made in Azerbaijan” və s.
- Siz hansı Azərbaycan markalarından elmi-tədqiqat işinizdə istifadə edəcəksiniz?
- Faktiki olaraq hazırda Azərbaycanın özünə aid az sayda markaları mövcuddur. Lakin iqtisadiyyatın şaxələndirilməsi nəticəsində millət brendləşməsi üçün bir sıra nüanslar ortaya çıxmaqdadır. Azərbaycan adətən özünün narı, alması, ipək şalı, xalçası, muğamı, ənənəvi geyimləri və sadə zərgərlik məhsulları ilə tanınır. Azərbaycanın şimal-şərq bölgələrinin heyrətamiz mənzərələri və "Küləklər Şəhəri" Bakının gözəl mənzərəsi Azərbaycanı seçilən bir turistik yer halına gətirməkdədir. Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın müstəsna idarəetmə qabiliyyətini ortaya çıxarıb Viza rejiminin sadələşdirilməsi ilə birlikdə bu tədbirlər Azərbaycan iqtisadiyyatı üçün böyük gəlirlər gətirən turizm sektorunu da dəstəkləyib. Burada neft-kimya sahəsində və əlaqəli məhsullarda Azərbaycan brendi olan SOCAR-ın adını qeyd etmək istərdim. SOCAR Azərbaycan bayrağını həm regionda, həm də regiondan kənarda böyük fəxr hissi ilə dalğalandırır. Dövlət neft nəhəngi Azərbaycanın imicini Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya və hətta İngiltərədə təşviq etməyə çalışır. Şübhəsiz, SOCAR neft-kimya sənayesində Azərbaycanın tanınmış brendidir. Azərbaycan imicini xaricdə təşviq etmək üçün müntəzəm olaraq mədəni tədbirlər keçirən Heydər Əliyev Fondundan bir başqa canlı nümunə göstərmək olar. Bu qurum xeyriyyəçi və sosial rifah sahələrindəki fəaliyyəti ilə dünyanın dörd bir yanında Azərbaycan üçün nəcib imicin formalaşmasına kömək edir. Özəl sektorda “Paşa", "Gilan" və "Azersun" kimi mega şirkətlər Xəzər bölgəsində və xaricində Azərbaycan markalarının təşviqinə öz müsbət töhfəsini verməkdədir. Azərbaycanda xalça sənayesinə toxunulmasa, ədalətsizlik olar. Azərbaycan xalça sənayesinin bu səviyyəyə gəlməsində uzun bir yol qət edib. Azərbaycanın digər bir fərqli kimliyi onun ənənəvi zərgərlik nümunələridir.
Qısaca desək, Azərbaycan, mənim tədqiqat işim üçün inkişaf etməkdə olan bir hekayədir. Azərbaycan milli kimliyinin formalaşmasında faydalı ola biləcək bütün markaları araşdırmaqda maraqlıyam. Qəbul etdiyim metodologiya AZPROMO, Made in Azerbaijan təşəbbüsü, SOCAR, Xalça Muzeyi kimi qurumların rəhbərləri, aidiyyəti hökumət rəsmiləri və digər özəl sahibkarlarla onların gələcəkdə milli brendləşmədə tətbiq edəcəkləri strategiya haqqında lazımi məlumatı toplamaqdan ibarətdir. Bu, yalnız məhsullar və ya markalarla məhdudlaşmır. "ASAN Xidmət", "AZAL" və digər sahələrdə Azərbaycanın xidmət sənayesi ilə bağlı misalları genişləndirmək mümkündür. Bu, mənim üçün sıx bir təqvim ilinin olacağı anlamına gəlir.
- Nə qədər vaxtdır, Azərbaycandasınız?
- İki ildir, buradayıq. Həyat yoldaşım Azərbaycanda üç il müddətinə diplomatik vəzifəyə təyin olunub. Bu müddət bir il də uzadıla bilər. Vaxtımızın təxminən yarısı qalıb. Səlahiyyət müddəti ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Azərbaycanda olmaqdan məmnunuq. Tədris etməyi çox sevirəm və 2015-ci ilin yanvarından Bakıda Xəzər Universitetində BBA ve MBA tələbələrinə dərs deyirəm. Bundan başqa, eyni universitetdən doktorluq işi üzrə tələbə olaraq tədqiqat aparıram. Ümid edirəm ki, 2017-ci ilin birinci rübünün sonunda dissertasiya işimin müdafiəsi üçün mövzumu təhvil verəcəyəm və ardından qiymətləndirilməsi üçün təqdim edəcəyəm.
- Buraya gəlmədən öncə Azərbaycan haqqında nələri bilirdiniz?
- Dürüst olmaq lazımdırsa, Azərbaycanda qarşılaşacağım vəziyyətə dair bir çox nüansı əvvəllər bilmirdim. Hava limanında hiss etdiyim xoş təəccübümü hələ də xatırlayıram. İndi bura mənim və ailəm üçün vətənimizdən uzaq vətənimizə çevrilib. İlk gəldiyimiz zaman Azərbaycan bizim üçün ağ bir səhifə idi, indi isə bir sıra maraqlı təcrübə ilə doludur.
- Azərbaycan və Pakistan rısmi sıviyyədə çox yaxın dostdur. Pakistan xalqı Azərbaycan haqqında nə düşünür?
- Pakistan və Azərbaycan arasında mükəmməl siyasi əlaqələr mövcuddur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Pakistan Senatı Xocalı faciəsini şiddətlə qınayan və bu qırğını “soyqırımı” kimi adlandıran və tanıyan ilk qurumlardandır. Pakistan Dağlıq Qarabağ bölgəsində Azərbaycan torpaqlarının qanunsuz işğalına görə Ermənistan ilə heç bir diplomatik əlaqə qurmayan yeganə ölkədir. Pakistan Azərbaycanı bütün regional və beynəlxalq təşkilatlarda usanmadan dəstəkləyir və Dağlıq Qarabağ məsələsinin mövcud BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına inanır. Çox yaxın iki hökumət olaraq da iki qardaş müsəlman ölkənin xalqları da bir-birinə çox yaxındır. Bu dostluq dəfələrlə zamanın bir çox sınağından keçib. Pakistan prezidenti 2015-ci ilin martında və baş naziri 2016-cı ilin noyabrında Azərbaycana səfər edib. Azərbaycan baş nazirinin 1-ci müavini 2016-cı ilin noyabrında Pakistana səfər edib və indi isə Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevral ayında Pakistana rəsmi səfəri gözlənilir. Yüksək səviyyəli səfərlər mübadiləsi, müxtəlif sahələrdəki qarşılıqlı əməkdaşlığı daha da yeni səviyyələrə yüksəltməkdədir.
- Pakistan və Azərbaycan arasında hansı əsas oxşar cəhətlər mövcuddur?
- Azərbaycan və Pakistan tarixi əlaqələr, mədəni yaxınlıqları və sosial oxşarlıqları ilə bənzərdir. Eyni dindən və dəyərlər sistemindən gələn iki ölkə bir-birlərinə yaxından bağlıdır. Pakistan və Azərbaycanın geostrateji mövqeyi onları daha çox əhəmiyyətli edir. Pakistan Cənubi Asiya və Azərbaycan isə Avropaya giriş qapısı sayılır. Pakistan son 70 ildir, Kəşmir məsələsi ilə mübarizə apararkən, 1991-ci il müstəqilliyindən bəri Azərbaycan Dağlıq Qarabağ problemi ilə qarşı-qarşıyadır. Kəşmir əhalisinin öz müqəddəratını təyin etmə hüququnu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki torpaqlarının erməni nəzarətindən azad olunmasını təsdiq edən dörd BMT qətnaməsi mövcuddur. Bütün bu BMT qətnamələri, vasitəçilər və ya beynəlxalq ictimaiyyətin təpki göstərməməsi səbəbilə hələ də yerinə yetirilməməkdədir. Həm Kəşmir, həm də Dağlıq Qarabağ, Pakistan və Azərbaycanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Hər iki müsəlman ölkəsinin mütərəqqi, sülhsevər və parlaq gələcəyi var. Pakistan və Azərbaycan eyni mədəniyyət çətiri altında olan ölkələrdir. Yaşam tərzi, zehniyyət, yaşlılara hörmət, ailə və dəyərlər sistemi demək olar ki eynidir. Mətbəxə gəlincə, pakistanlılar ət və ədviyyatlı qidalardan bolluca istifadə edir. Baxmayaraq ki, azərbaycanlılar ədviyyatlı məhsullardan az miqdarda istifadə edirlər, lakin ətli yeməkləri çox sevirlər. Bu səbəbdən də bura gələndə bu ortaq cəhətlər bizim işimizi daha da asanlaşdırdı. Dil baryerinə baxmayaraq, mədəniyyət şoku yaşamadan asanlıqla Azərbaycana uyğunlaşa bildik.
- Azərbaycanın regionlarında olmusunuzmu? Regionlarımıza hansı xüsusiyyəti öz tədqiqat işinizdə qeyd etməyi düşünürsünüz?
- Azərbaycanın demək olar, bütün regionlarına səfər etmişəm. Biz Qax, Gəncə, Qəbələ, Şəki, Qusar və Şahdağda olmuşuq. Bütün bu yerlərə səyahət etmək çox xoş idi. Diqqətimizi ən çox cəlb edən Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şəki şəhəri idi. Görünür, Azərbaycan mədəniyyəti İpək Yolu tarixindən bu yana estetik bir şəkildə Şəkidə qorunub, saxlanılıb. Ola bilsin ki, Azərbaycanın regionlarından öz tədqiqat işimdə bəhs etməyim. Lakin tədqiqat işimdə Azərbaycanın inkişaf edən turizm potensialı əksini tapacaq. Bölgələrlə bağlı detalları qeydə etməyə qərar versəm, marka olan bölgələrin məhsullarını sadəcə bölgələrə aid etmək əvəzinə, Azərbaycan məhsulları olaraq qeyd etməyi seçərəm. Misal olaraq, Qubanın alması və ya Göyçayın narı dedikdə bu, Azərbaycanın alması və ya narı hesab olunacaq. Milli kimlik haqqında bəhs etdiyim zaman, bölgələrin deyil millətin kimliyindən söhbət gedir. Bu, müəyyən bir ölkənin imicini beynəlxalq səviyyədə tanıdılması məsələsidir. Materialımda bəzi məhsullardan söz açılsa, bu məhsulların bölgəsi və ya mənşəyi haqqında bəhs etməyəcəyəm, Azərbaycanın məhsulları olmasını vurğulayacağam.
- Qeyd etdiyiniz kimi, Xəzər Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olursunuz. Azərbaycan tələbələri haqqında düşüncələriniz nədir?
- Azərbaycanlı tələbələrin daha yaxşı işlər görməsi üçün yüksək potensialı mövcuddur. İstənilən nəticələri əldə etmələri üçün istedadları önə çıxarılmalı, imkanları inkişaf etdirilməlidir. Onlar Azərbaycanı beynəlxalq forumlarda qürurla təmsil etmək üçün mükəmməl performans nümayiş etdirə bilərlər. Bu qəbildən olan bir misalı sizinlə paylaşmaq istərdim. Xəzər Universitetindən mənim rəhbərliyim altında təlim görmüş bir qrup tələbə bu ilin yayında ABŞ-da təşkil olunmuş beynəlxalq bir təşəbbüsdə iştirak etdi və 94 iştirakçı universitet arasında üçüncü yerə çıxdı. “P2P Ektremizm Proqramına Çağırış” proqramı ABŞ Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə hər üç aydan bir keçirilir. Xəzər Universitetinin "Düşünən Komandası”, ekstremist meylləri qəlblərimizdən və cəmiyyətimizdən uzaq tutmaq üçün bir kampaniya hazırladı və təqdim etdi. Hər kəsin gərgin işi və səyi nəticəsində, kampaniya ilk üç finalist arasından seçildi və daha sonra bu yay Vaşinqtonda komandamız tərəfindən təqdim olundu. Bu yarışmada 3-cü yerə layiq görüldük. ABŞ-dan olan universitet 1-ci, Belçikadan olan universitet isə 2-ci oldu. Bu azərbaycanlı tələbələrin istedadlı və qabiliyyətli olduğunun göstəricisidir. Bütün bunlara rəğmən Azərbaycanın təhsil sistemində inkişaf üçün daha yaxşı imkanların olması labüddür.

Məlahət Nəcəfova

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ