
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat həmçinin xüsusi olaraq qeyd edib ki, Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi heç də yeni formalaşmış bir vəziyyət deyil: “Bu gün Fransa hökumətinin, eləcə də bilavasitə Fransa prezidenti Makronun xalqımıza qarşı saysız müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri açıq-aşkar dəstəkləyən mövqeyi bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən təcrid olunmasına səbəb olmuşdur. Lakin Fransa Parlamentinin hər iki palatasının qəbul etdiyi qətnamələri sadəcə bu faktla izah etmək qətiyyən düzgün olmaz. Əslində Fransa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı 30 il ərzində daima bu siyasəti yürütmüş, atdığı hər addımla erməni təcavüzünü dəstəkləmiş, ölkəmizin ərazi suverenliyinin bərpa olunmaması üçün əlindən gələni etmişdir. Üzərinə vasitəçilik öhdəlikləri götürmüş bir ölkə kimi, Fransanın bu dəstəyi, Ermənistanın təcavüzkar dövlət adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi xüsusunda rəsmi İrəvana heç bir təzyiqin göstərilməməsi işğalçı Ermənistanı daha da şirnikləndirmiş, bu ölkənin Azərbaycana qarşı daha böyük, daha dəhşətli cinayətlər törətməsinə yol açmışdır. Bu gün Fransa Parlamentinin qətnamələrində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, itkin düşmüş 4000 nəfərə yaxın vətəndaşımız və kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması bir daha isbat edir ki, bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri birbaşa Fransa hökumətinin dəstəyi ilə baş verib və Fransa hər zaman, hər bir növbəti cinayətdə erməni terrorçularının, erməni işğalçılarının yanında olub. Eyni zamanda da Fransa Senatının və Milli Assableyasının bədnam qətnamələri bu ölkənin bu gün də öz “kiçik bacısı”nın məğlubiyyəti və özünün Cənubi Qafqaz siyasətinin fiaskosu ilə barışa bilmədiyini göstərir. Fransa erməni revanşistlərini və separatçılarını həvəsləndirməklə Cənubi Qafqazda maraqlarını təmin etmək üçün hər hansı təsir rıçaqı əldə etməyə can atır və bununla Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyir, münasibətlərin normallaşmasına zərbə vurur, regional sabitlik və təhlükəsizliyi təhdid edir. Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünün bərpasını və BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmiş, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun illər ərzində davam edən işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymuş və işğalın acı nəticələrinin aradan qaldırılması istiqamətində işlərə start vermişdir. Fransa parlamentinin üzvləri bu həqiqətləri qəbul etməli və Azərbaycanla Ermənistan arasında sülh prosesini ləngitməyə, Cənubi Qafqazda destabillik yaratmağa yönələn cəhdlərindən əl çəkməlidirlər”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.