Sizin reklam burada
Sizin reklam burada

İltizam Yusifov: "İsrail dünyanın ən aktiv xarici siyasət yürüdən ölkələrindən biridir."

Noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunduqdan sonra yekdilliklə qəbul edildi. İsraildə səfirlik açılması ilə bağlı sənəd Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunmuşdu. Bir sözlə, İsraildə səfirliyimizin açılması dövlətimizin başçısının təqdim etdiyi qanun layihəsi əsasında həyata keçirilib.
Qəbul edilən qərar Azərbaycan və İsrail ictimaiyyəti tərəfindən çox böyük sevinc hissi ilə qarşılandı və birmənalı şəkildə dəstəkləndi. Bu iki ölkə arasında münasibətlərin forma və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu, həmçinin hər iki tərəf üçün diplomatik qələbədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, Milli Məclisdə, eyni zamanda, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsi də müzakirə edilərək qəbul olundu. Düşünürəm ki, bu da Azərbaycanın dövlət maraqları baxımından əhəmiyyətli qərardır. Fələstində belə təmsilçiliyin açılması Azərbaycanın haqq səsinin dünyada dəstəklənməsi baxımından vacibdir.
“Təbii ki, Azərbaycanın İsraildə səfirlik açması daha çox dəstəkləndi və bunun daha böyük siyasi əhəmiyyət kəsb etdiyinə dair fikirlərə rast gəldik. Bu da təsadüfi deyildir. İsrail-Azərbaycan münasibətlərinin, dostluq əlaqələrinin kökü çox dərinə gedib çıxır.
Azərbaycan hələ müstəqil olmadığı zamanlarda, İkinci Dünya müharibəsindən əvvəlki dövrdə yəhudilər ölkəmizdə mehriban şəraitdə yaşayıblar. Bizdə heç zaman yəhudilərə qarşı semitizm olmayıb. Azərbaycanlılarla yəhudilər min illərlə dostluq və qardaşlıq şəraitində yaşayıblar. Vaxtilə Azərbaycanda yaşayan və sonradan İsrailə köçən yəhudilər hər zaman Azərbaycanı dəstəkləyiblər. II Dünya müharibəsində ermənilər faşistlərlə birləşib yəhudiləri qətl edən zaman Azərbaycan əsirləri onlara Kəlmeyi-Şəhadəti öyrədərək ölümdən xilas ediblər. Bu gün Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan yəhudiləri öz tarixi köklərini, milli adət-ənənələrini yaşadırlar. Onlar Azərbaycan dilini, musiqilərimizi, milli mətbəximizi və digər ənənələrimizi yaşadıqları ölkələrdə qürurla təbliğ edirlər. Azərbaycan dövləti və cəmiyyəti ölkəmizdə yaşayan yəhudilərin problemlərinə daim həssas yanaşıb, onların adət-ənənələrinə, mədəniyyətlərinə hörmət bəsləyiblər. Dövlətimiz Qubada yəhudilərin yaşadığı “Qırmızı qəsəbə” adlanan məkana yüksək diqqət göstərib, oranın təmir-bərpa işlərinə yüksək səviyyədə dəstək verib”, - deyə İltizam Yusifov vurğulayıb.
Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan-İsrail münasibətlərinin daha da gücləndiyini qeyd edən deputat deyib: “Dünyanın inkişaf etmiş, modern ölkələrindən olan İsrail ilə biz hərbi, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edirik. İsrail 44 günlük Vətən savaşında Azərbaycana dəstək verdi və bu dəstək bizim Qələbəmizdə böyük rol oynadı.
Səfirlik açılandan sonra bütün sahələr üzrə Azərbaycan öz müttəfiqi ilə əməkdaşlığını daha da gücləndirəcək. Xüsusilə də, təhlükəsizlik və humanitar məsələlərdə əməkdaşlıq bizim üçün vacibdir. İsraildə səfirliyin açılması Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin növbəti uğurlu nəticəsidir. Bu istiqamətdə daha ciddi addımlar atılacaq”.
İltizam Yusifovun sözlərinə görə, İsrail dünyanın ən aktiv xarici siyasət yürüdən ölkələrindən biridir. Bu ölkənin beynəlxalq təşkilatlarda təmsilçiliyi və fəaliyyəti daim diqqət çəkib. Azərbaycan və İsrail beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Həm diplomatiya, həm diaspor, həm iqtisadi layihələrdə biz qarşılıqlı dəstəyimizi bir-birimizdən əsirgəmirik. İsrail hər zaman Azərbaycanla bağlı taleyüklü məsələlərə həssas yanaşıb. Əlamətdar günlərdə, vacib dönəmlərdə bu ölkəni yanımızda görmüşük, dəstəyini hiss etmişik.
“Bizim əməkdaşlığımız üçüncü bir ölkəyə qarşı yönəlməyib və səfirliyin açılması heç kəsdə qıcıq yaratmamalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Fələstin Dövlətində də Təmsilçilik Ofisi təsis edəcək. Bizim bütün ərəb və müsəlman ölkələri ilə münasibətlərimiz sağlam bağlar üzərində qurulub. Bu əlaqələr daha da inkişaf etdiriləcək və gücləndiriləcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ