Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan ədliyyəsi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur


Daxil Kərimov,
Bakı şəhəri 21 saylı Notariat Ofisinin notariusu

Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmişdir. Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və nazirlik indiki Səadət Sarayının binasında yerləşmişdir. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında, Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında, ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
1920-ci il aprel ayında Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.
1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.
1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmiş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. İfrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Qeyd etməyə dəyər ki, Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003- cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim diqqət və qayğı göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət çevrəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri və islahatlar aparılmış, yeni qurumlar yaradılmışdır.
Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Bu gün də ədliyyə islahatları uğurla həyata keçirilir. Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında cəmiyyətdə ədalət təmin edilir. İnsanların hüquq və azadlıqları qorunur ki, bu da 104 yaşlı dövlətimizin ən əsas uğuru sayıla bilər. Azərbaycan ədliyyəsi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu isə öz növbəsində biz ədliyyə işçilərindən əhaliyə keyfiyyətli hüquqi xidmət göstərməsi, qanunun aliliyini rəhbər tutaraq insan hüquqlarını qorumağı, dövlətçilik amallarına daim sadiq qalaraq ölkənin inkişafı naminə əzmlə, müasir səviyyəyə uyğun çalışmağı tələb edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ