Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Türk Dünyasının aparıcı gücü rolunda: Prezidentin Qırğızıstan səfərindən çıxan nəticələr

    Azərbaycan Türk Dünyasının aparıcı gücü rolunda: Prezidentin Qırğızıstan səfərindən çıxan nəticələrRəşad Mahmudov
    millət vəkili

    Azərbaycan Respublikasının beynalxalq arenada qazandığı nüfuz və mükəmməl xarici siyasət kursu ölkəmizin diplomatik və iqtisadi gücünü artırmaqdadır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət Azərbaycanı nəinki Qafqaz və postsovet məkanında, bütövlükdə Avrasiya arealında həm siyasi, həm də iqtisadi baxımdan əvəzolunmaz tərəfdaş mövqeyinə çıxarıb. Xarici siyasət kursumuzda mühüm məqamlardan biri isə Türkiyə ilə “Bir millət, iki dövlət ” prinsipi ilə başlayan xəttin davamı olaraq Türk Dünyası ilə inteqrasiya təşkil edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri də mühüm əhəmiyyət daşıyır.
    Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.
    Deputat vurğulayıb ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin indiki durumunu təhlil edərkən iki dövlət başçılarının qarşılıqlı səfərlərinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Qırğızıstan rəhbərinin ölkəmizə səfərindən bir neçə ay keçmiş Azərbaycan Prezidentinin bu ölkəyə səfəri bir tərəfdən iki ölkə arasında əməkdaşlığın genişlənməsindən, digər tərəfdən prezidentin ifadə etdiyi kimi tərəflərin nəzərdə tutduqları layihələri daha tez həyata keçirmək, hədəflərə daha tez çatmaq niyyətində olduqlarının göstəricisidir. Onu da qeyd edək ki, Qırğızıstan prezidentinin Bakı səfəri çərçivəsində birgə yaradılan Qırğızıstan-Azərbaycan İnkişaf Fondu artıq ciddi fəaliyyətdədir və bu fondun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu fond ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün mühüm faktordur. Ötən müddət ərzində strateji tərəfdaşlıq haqqında bəyannamə uğurla həyata keçirilib ki, Azərbaycan prezidentinin səfəri də bu uğura növbəti bir töhvə oldu. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı iki dövlət arasında aparılan danışıqlarda ikitərəfli iqtisadi əlaqələrlə yanaşı qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzuların müzakirə olunması onu göstərir ki, dost, qardaş dövlətlər arasında münasibətlər ən yüksək səviyyədədir. Bu danışıqların əsas predmeti olan nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması, yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Azərbaycan prezidentinin səfəri zamanı əldə edilən mühüm razılaşmalardan biri də heç şübhəsiz Dövlətlərarası Şuranın yaradılmasıdır. Belə ki, şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisi sayıla bilər. Səfər çərçivəsində Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki dost dövlət arasında münasibətlərin çox geniş olduğunun əyani sübutudur. Elə bu səbəbdən də 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinməsi mədəni əlaqələrin yüksək səviyyədə qurulmasından xəbər verir.
    Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafında yeni perspektivlərin başlanğıcı oldu. Qırğızıstan prezidenti də öz çıxışında münasibətlərin inkişafında Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etdi. Bu həm də Azərbaycan liderinin Türk Dünyasında böyük söz və nüfuz sahibi olduğunun göstəricisidir. Bu gün Azərbaycan lider dövlət statusunda türkdilli respublikaların strateji birliyinin aparıcı gücünə və Prezident İlham Əliyev də bu gücün rəmzinə çevrilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ