Sizin reklam burada
Sizin reklam burada

Ən güclü silahımız milli birlik və həmrəyliyimizdir

Ən güclü silahımız milli birlik və həmrəyliyimizdir Əminə Ağazadə
Milli Məclisin deputatı

Zaman-zaman yadelli işğalçılar tərəfindən işğal olunan, imperiyaların təsiri altında qalan, xarici qüvvələr tərəfindən milli həmrəylik ruhunun öldürülməsi üçün ölkəyə təsirlər göstərilən, torpaqları uzun illər işğal altında olan, lakin qəhrəman xalqımızın rəşadəti sayəsində müstəqilliyə qovuşan dövlətimizdə yaşamaq bu dövlətin vətəndaşları üçün fəxrdir. Son illərdə yaşanan hadisələr göstərir ki, Azərbaycan xalqının qəhrəmanlıq yolunda dəyişən tək şey zamandır. Xalqımız tarixin çətin zamanlarında olduğu kimi bu gündə dəmir yumruq kimi məğrur və bütövdür.
Biz bu birliyin və həmrəyliyin ən gözəl nümunəsini 2 il bundan öncə başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı da gördük. Uzun illər ərzində Azərbaycançılıq ideologiyasının təşviq edilməsinin faktiki nəticəsi bu müharibədə özünü göstərdi. Millətindən asılı olmayaraq hər kəs silaha sarılaraq vətəninin müdafiəsinə qalxdı və Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bu, çox önəmli bir hadisə idi. Beləliklə Azərbaycan öz güc və qüdrətini həm də tolerantlıq və multikulturalizm siyasətinin təşviq olunmasına yönəldərək çoxşaxəli inkişaf yolunu tutdu.
Bu gün ölkəmizdə milli birlik və həmrəylik mühitinin qorunması və daha da möhkəmləndirilməsi zərurəti strateji əhəmiyyət kəsb edən bir məsələdir. Son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Həmçinin təxribatlara cəlb olunan silahlı qüvvələrin kəmiyyətcə artıması da nəzərə alınarsa, yeni hərbi toqquşmalar ehtimalının artdığını deməyə ciddi əsas yaranır. Azərbaycan özünün hərbi qüdrətini artırmaqla və cəmiyyətimizdə milli həmrəylik mühitini gücləndirməklə buna hazır olmalıdır.
Qarabağ münaqişəsinin həllini təkbaşına bacarmış, öz siyasi və hərbi gücünü bütün dünyaya sübut etmiş, sülh istiqamətində davamlı səylər göstərən, əməkdaşlığın formalaşmasında səmimiyyətlə çıxış edən bir ölkədir. Sərhəddə baş verənlər bu Qələbəni “həzm” edə bilməyənlərin, regionu yenidən qarışdırmaq istəyənlərin təxribatından başqa bir şey deyil.
Təəssüf, dünya qərarsızdır, ədalətə və obyektivliyə qətiyyən söykənmir. Əks təqdirdə rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini gündəmə gətirir. Xəritələrin verilməməsi faktiki olaraq Ermənistanın hərbi hücumlarını asanlaşdırır, Azərbaycan üçün isə əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı, rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Amma ortada heç bir məsuliyyət yoxdur.
Aydın görünən budur: regionda inkişafı, sağlam dialoq mühitini istəməyənlər var. Bunlar isə həm Ermənistanın daxilindəki radikal qüvvələrdir, həm də xaricdən Ermənistana təsir göstərən siyasi çevrələrdir. Regionda gərginliyin yaradılmasında Ermənistandan bir alət kimi istifadə edilir. Bu, dünən də belə idi, bu gün də belədir! Ermənistan başqa bir dövlətin “forpost”u olmaq statusundan qurtula bilmir, buna görə də siyasi qərarlarını müstəqil şəkildə vermək imkanına sahib deyil. Bu gerçək dəyişmədikcə Ermənistan özünə etibarlı tərəfdaş, etibarlı qonşu imici yarada bilməyəcək. Nəticədə sıravi erməni xalqı əsrlər boyu davam etmiş bu siyasətdən hələ çox əziyyət çəkəcək, Ermənistan bir dövlət kimi müasir beynəlxalq münasibətlər sistemindən hələ uzun illər kənarda qalacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ