Bakı şəhəri 3 saylı Notariat Ofisinin notariusu
Vətənə olan sevgi Anaya olan sevgi ilə bir tutulur. Ana Vətən anlayışı da bu sevgidən yaranır.Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir.
Övladları kiçik ikən ciyərparalarını “boyun qurbanı olum” deyərək sevib - oxşayan, qayğı ilə böyüdən şəhid anaları bütün Azərbaycan xalqının and yerinə çevrilən, ilk addımını atdığı torpaqlarımız uğrunda qurban gedən balaları ilə fəxr edərək “südüm sənə halal olsun” deyir. Qəhrəman oğullarımızın üstünlüyü ondadır ki, düşmənlə üz-üzə gələndə qorxmur, həyatla vidalaşanda da əzəmətini qoruyub saxlaya bilir. Azərbaycanın şəhid oğul və qızları ölümləri ilə də ermənilərə qalib gəlirlər. Amma başqalarının torpaqlarını zəbt etdikləri üçün layiq olduqları cavabı alan, öldürülən erməniləri şəhid adlandırmaq olmaz. Çünki onlar özlərinə məxsus olmayan torpaqlara oğru kimi soxularaq tarixi ərazilərimizə sahib çıxmaq istəyirlər. Amma bilmirlər ki, özgə torpağına xor baxanın gözü kor, yurdu viran qalar, uzanan əli kəsilər.
Erməni işğalçılarını təşvişə salan da Azərbaycanın müdafiə qüdrətinin üstünlüyü, hərb istəməsə də hərbə hazır olan əsgərlərimizin döyüş bacarığı, mətanəti, düşmənə qalib gəlmək əzmi idi. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu. Bu gün müqəddəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu rahatdır. Onların hər biri Böyük Qələbənin həsrətində idi. Tarixi torpaqlarımız düşməndən təmizlənib, o torpağın əsl sahibləri yurdlarına qayıdacaqlar.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda savaşan, xalqının firavanlığı üçün canını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq. Onlar ömürlərini Vətənin azadlığı, yurdun abadlığı və millətimizin rifahı üçün fəda ediblər. Şəhidlərimizin hər birinin adı tarixə qızıl hərflərlə yazılıb. Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyidir şəhidlərimiz.
Tarixini bilməyən şəxs heç zaman yaxşı vətəndaş, əsl vətəndaş olmayan şəxs isə əsl döyüşçü ola bilməz. Biz gəncləri maarifləndirməliyik, tarixi həqiqətləri onların diqqətinə çatdırmalıyıq, igid oğullarımızı onlara tanıtmalıyıq. Azərbaycan gənci bilməlidir ki, onun xalqının tarixini qorxmaz, cəsur oğullar canı bahasına yazıb. Bu gün üzərində gəzdiyimiz Vətən torpağının o igidlərin qanı ilə suvarıldığını dərk etməlidirlər, o torpağın hər qarışını göz bəbəyi kimi müdafiə etməlidirlər.
Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla, bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur.
