Sizin reklam burada
Sizin reklam burada

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindəSentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında ilk iclasına toplaşıb.
İclasın əvvəlində son günlərdə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Ziyafət Əsgərov şəhid olan qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.
Sonra komitənin sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İlk olaraq müzakirəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı təqdim edilib. Komitə sədri hesabat dövründə komitədə keçirilən 13 iclasda baxılan məsələlərdən danışıb, qəbul olunan qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, hesabat dövründə komitəyə 125 ərizə və şikayət daxil olub, müraciətlərdə qaldırılan məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb, həmçinin aidiyyəti üzrə baxılması üçün müxtəlif ünvanlara 84 məktub göndərilib.
İclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.
Bildirilib ki, iş planına əsasən komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin də qarşıdakı sessiyada baxılması nəzərdə tutulub.
Komitə üzvləri Elman Məmmədovun və Bəxtiyar Sadıqovun müzakirə olunan məsələlərlə bağlı fikirləri dinlənildikdən sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ötən sessiya dövründə gördüyü işlər barədə hesabatı qənaətbəxş hesab edilib, qarşıdakı sessiya üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib.
Sonra iclasda qanunvericiliyə edilən dəyişiklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihələrinin müzakirəsi başlayıb.
Qanun layihələrini təqdim edərkən Ziyafət Əsgərov bildirib ki, növbəti üç məsələ - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihələri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.
Adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.
Gündəliyin 6-cı məsələsi - birinci oxunuşda olan “Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı arayış verərkən komitə sədri qeyd edib ki, sənəddə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təkmilləşdirmə xarakterli dəyişikliklər təklif olunub.
Gündəliyin sonuncu məsələsi olan qanun layihəsi isə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlıdır. Bildirilib ki, 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan saziş preambula və 13 maddədən ibarətdir. Sazişin əsas məqsədi hərbi-texniki sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və tərəf dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsidir.
Müzakirələrdə komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə, Aydın Mirzəzadə, Arzu Nağıyev, Elşad Mirbəşiroğlu çıxış ediblər, fikirlərini bildiriblər, qeydlərini və rəylərini səsləndiriblər. Qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın sonunda deputatlar Azərbaycanın dövlət sərhədində Ermənistanın son təxribat hərəkətləri barədə fikirlərini bölüşüblər, bu hərbi təxribatlara adekvat cavab verən Ordumuzun legitim hüququna kölgə salmağa və şəhidlərin əziz xatirəsini öz siyasi alverlərinə alət etməyə çalışanları qınayıblar.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindəMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindəMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ