Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş

Milli Məclisdə Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşİyunun 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Asiya İnkişaf Bankının Layihələr üzrə baş mütəxəssisi Yaqut Ertenliçe, layihə üzrə beynəlxalq ekspert Katrin Şnayder və Şəhla İsmayıl ilə görüşüb.
Qonaqları salamlayan komitə sədri diqqətə çatdırıb ki, Asiya İnkişaf Banki ilə Azərbaycan hökuməti bir sıra önəmli layihələr həyata keçirir, ayrı-ayrı dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bu layihələrdən biri gender amillərini nəzərə alan büdcənin hazırlanmasıdır.
Komitə sədri bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması ilə bağlı qanunvericilik bazası mövcuddur. Milli Məclisin sədri xanım Sahibə Qafarova bu məsələyə çox həssaslıqla yanaşır. O, qeyd edib ki, hər il Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi illik məlumat verir. Məlumat millət vəkilləri tərəfindən müzakirə olunur, uğurlarla yanaşı, qarşıda dayanan vəzifələr də səsləndirilir, təkliflər verilir. Dövlət Büdcəsində ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsaitlər ildən-ilə artır.
Komitə sədri bildirib ki, 2016-cı ildə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” sənədi hazırlanıb, 2018-ci ildə isə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu sənədlər bütün sahələr üzrə inkişafa, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına xidmət edir.
Hicran Hüseynova qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculu işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, orada yaşaması üçün infrasturktur yaradılmalı, sosial xidmətlər və yeni iş yerləri açılmalıdır. Qadın sahibkarlar bu prosesdə çox aktiv iştirak edirlər, artıq bir çox layihələr təqdim edilib və Hökumət həmin layihələrin reallaşmasına dəstək verir.
Komitə sədri diqqətə çatdırıb ki, Milli Məclisdə davamlı olaraq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, ixtisaslaşmış ekspertlərin iştirakı ilə ictimai dinləmələr keçirilir.
Görüş üçün minnətdarlığını bildirən Asiya İnkişaf Bankının Layihələr üzrə baş mütəxəssisi Yaqut Ertenliçe qeyd edib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində bir çox proqramlar həyata keçirilib. Hazırda peşə təhsili və təlimi sahəsində gender amillərini nəzərə alan büdcənin hazırlanması prioritet məsələlərdəndir. Bildirib ki, Gender Amillərini Nəzərə alan Büdcə (GANB) gender bərabərliyinin təşviqini büdcə prosesinin bütün mərhələlərinə inteqrasiya edən alətdir. 2020-ci ildə Asiya İnkişaf Bankı “Azərbaycan: Dövlət Maliyyə İdarəetmə Sisteminin Gender Baxımından İcmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində GANB-ın icrasına dair Təlimat Kitabı” hazırlamaqla Azərbaycanda GANB-ın tətbiqini dəstəkləyib. Hazırda isə bu proses Təhsil Nazirliyi ilə davam etdirilir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ