Sizin reklam burada
Sizin reklam burada

Deputatdan çağırış

Deputatdan çağırış Az qala hər həftə mediada baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının bu və ya digər qurumda əməliyyat keçirərək səlahiyyətli şəxsləri həbs etməsi barədə xəbərlərə rast gəlirik.  Görəsən, cəmiyyət olaraq necə edək ki, korrupsiyaya qarşı baş mübarizə idarəsi əməkdaşlarının "yük"ünü azaldaq? Yəni bu gün həmin qurumda istintaq edilən bəlkə də minlərlə cinayət işi var. Necə edək ki, hər il tendensiya artan yox, azalan istiqamətdə olsun?
Moderator.az-ın əməkdaşı bu sualla parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadəyə müraciət edərək aşağıdakı cavabı alıb: "Dünyada elə ölkə tapılmaz ki, özünü korrupsiyadan sığortalasın. Bu sosial bəlanın tarixi çox qədimdir və qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur.  Təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır. Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır.  Korrupsiyaya qarşı mübarizənin ən vacib formalarından biri də əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasıdır. Qətiyyətlə demək mümkündür ki, Azərbaycanda əhalinin korrupsiya hüquqpozmaları ilə bağlı bilgisi aşağı səviyyədədir. Hesab edirəm ki, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Maarifləndirmə fəaliyyətinin öhdəsindən isə dövlət orqanları təkbaşına gələ bilməzlər. Bu fəaliyyətə qeyri-hökumət təşkilatlarının, KİV-lərin cəlb olunması zəruridir. Bundan başqa, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin edilməsidir. Qeyd edim ki, korrupsiyaya qarşı sadəcə adminstrativ üsullarla mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya ilə mübarizədə vətəndaşlar da ən az dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait yaratmalıdır. Məsələn, artıq uzun müddət fəaliyyət göstərən"ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir üsul kimi özünü doğrulda bildi. "ASAN xidmət"in yaradılmasının kökündə məhz korrupsiya ilə mübarizə, vətəndaşların üzləşdikləri yersiz süründürməçilik hallarının aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi dururdu. Bu xidmət mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir.
Digər bir amil, elektron - hökumət portallarının mövcudluğu vətəndaş-məmur arasındakı əlaqəni minumuma endirdiyi üçün faktiki olaraq korrupsiya ehtimalını da zəiflədir, dövlətlə vətəndaş arasında şəffaf dialoqu təmin edir, məmurların hesabatlılığını artırır, operativ nəzarət mexanizmi olduğundan rəsmi prosedurların daha sürətli və qanuni həyata keçirilməsinə şərait yaradır. Faktiki olaraq bürokratik əngəl yaradan amil olmur və vətəndaş artıq heç bir maneə olmadan zəruri məlumatları əldə edir. Bu, eyni zamanda dövlət idarəçiliyini də səmərəli edir, idarələrarası əlaqələrin gücləndirilməsində də mühüm rol oynayır. Məsələn, əvvəllər vətəndaş  xarici pasport alınması üçün müxtəlif dövlət idarələrinin, qurumların qapılarını döymək məcburiyyətində idisə, hazırda həmin prosedür bu dövlət xidmətindən istifadə edən şəxsin ünvanına çatdırılmasına qədər sadələşdirilə bilib.   
Əlavə olaraq qeyd edim ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda qüvvədə olan müvafiq qanunverici aktlara dəyişikliklərlə bağlı təkliflər yer alır. Burada dövlət orqanlarında çalışan şəxslərin, o cümlədən, hakimlərin sosial təminatının yaxşılaşdırılması, vahid əmək haqqı sisteminin tətbiq edilməsi əsas prinsiplərdən biri olaraq önə çəkilir.  Korrupsiya cinayətinin baş verməsi, cinayətkarın məsuliyyətə cəlb edilməsi əslində bu sosial bəla ilə mübarizədə ən sonuncu mərhələdir. Əsas məqsəd bu korrupsiya halının qaşısını ala bilən preventiv, profilikatiki tədbirlərin effektivliyinin artırılmasıdır.  Hesab edirəm ki, yuxarıda sadaladığım amillərin kompleks şəkildə tətbiqi qeyd etdiyiniz korrupsiyaya qarşı baş mübarizə idarəsi əməkdaşlarının "yük"ünü azalmasına, bu tendensiyanı artan yox, azalan istiqamətə yönəlməsinə şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, dövlət və dövlətçiliyi qorumaq təkcə bu sahəyə cavabdeh olan səlahiyyətli vəzifəli şəxslərin deyil, hamımızın borcudur. Odur ki, korrupsiyaya, eləcə də dövlətə qarşı yönələ bilən hər bir istər daxili, istərsə də xarici təhdidlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ