millət vəkili
“Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”. Bu sözləri 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdarkən demişdir.
Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub.
Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın.
