Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırmışdır.
Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir.
Təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir.
Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat vermişdir. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olmuşdur. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi yüz faiz dəstəkləmişdir. Bu məqamda ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının yaradılması və fəaliyyətinə dövlət səviyyəsində dəstək verilməsi etibarlı təməl rolunu oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyivaxtda Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri Xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirilməsinin bariz nümunəsidir.
