Hörmətli həmkarlar, mən bu ilin əvvəlində komitə sədrlərinin nəzərinə çatdırmışdım ki, apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçiriləcək. İlk belə tədbir aprelin 8-də Milli Məclisin iki komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası olmuşdur. Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biri olmuşdur. Bunu da vurğulamaq istərdim ki, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi möhtərəm cənab Prezidentin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə töhfə vermək niyyəti ilə bağlı olub “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha təsdiq edir. Bir məqamı da qeyd edim ki, Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək.
