Deputat bildirib ki, sənəddə “Dağlıq Qarabağ” və “ATƏT-in Minsk qrupu” barədə bir cümlənin belə olmaması Azərbaycanın diplomatik uğurudur: “Bu fakt onu göstərir ki, Avropa İttifaqı müharibədən sonra reallığı qəbul edir və Azərbaycanın haqlı mövqeyinə qarşılıq qoya bilmir. Artıq münaqişə həll olunub, ona görə də ATƏT-in Minsk qrupuna ehtiyac qalmayıb. Çünki bu qurum 30 il ərzində münaqişənin həllindən başqa bütün işlərlə məşğul olub, digər tərəfdən regiona lazımsız turist səfərləri etməklə vaxtı uzadıb, erməni mövqeyindən çıxış edib, separatçılığı dəstəkləyib. Həmsədrlərin Ermənistana və Azərbaycana səfərlərindən sonra Xankəndində separatçıların rəhbərləri ilə qondarma bayrağın önündə şəkil çəkdirməsi, əslində separatçılığı dəstəkləmək deməkdir. Ona görə də ATƏT-in Minsk qrupunun danışıqlarda vasitəçilik missiyasının Azərbaycan tərəfindən bitirilməsi gözlənilən idi və reallığı əks etdirir. Avropa İttifaqının vasitəçilik missiyası isə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların yeni mexanizm və formatını yaradıb. Avropa İttifaqı Şurasının Prezidenti mətbuata açıqlamasında Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasının zəruri olduğu diqqətə bildirib. 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına uyğun olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə edildiyi deyib. Şarl Mişel Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 9-10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini də vurğulayıb ki, bu da çox önəmlidir”.
A.Hüseynov Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə keçidinin bəzi səbəbləri, məqamlarını da açıqlayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rola malikdir, Avropanın Cənubi Qafqazda ən önəmli tərəfdaş ölkəsi kimi Azərbaycanın imkanları getdikcə genişlənir, etimad edilən ölkə imici artıq formalaşıb. Təsadüfi deyil ki, Avropa İnkişaf Bankı Azərbaycana 36 milyard avro investisiya yatırmaq imkanlarını müzakirə edir. Bütün bunlar ölkəmizi müttəfiqlik zirvəsinə daşıyır ki, Azərbaycanın haqlı tələbləri diqqətə alınır, o cümlədən Ermənistanla münasibətlərdə Qərbin dəstəyini qazandırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların rolu da danılmazdır. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Keçirilən danışıqlarda ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət təkcə Azərbaycanla Ermənistan arasında yox, bütün regionda sülhün və iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Brüsseldə keçirilən son görüş göstərir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir”.
"Atributinfo.az"
