Malik Həsənov qeyd edib ki, faciələrimiz Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub: “Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Təkcə Şamaxıda törəilən erməni cinayətlərinin miqyasına diqqət yetirmək kifayətdir. Ekspertlərin rəyinə əsasən, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Özlərinə saxta tarix yazan ermənilər bu faktları saxtalaşdırmaq, həqiqətləri inkar etmək gücündə deyil. Həmişə olduğu kimi, bu gün də danışan faktlardır.”
Millət vəkili onu da vurğulayıb ki, təbliğat o zaman güclü və ictimai fikrə təsir imkanları geniş olur ki, tarixi faktlara əsaslanır: “Azərbaycan həqiqətlərinin dünya ictimiyyətinin diqqətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Fondun zəngin tariximizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin təbliğinə yönələn layihələrinin nəticələri göz önündədir. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi nüfuz qazanıb. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Tarixi Qələbəmiz ermənilərin zaman-zaman "böyük Ermənistan” dövləti yaratmaq ideyalarını puç etdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın “Dəmir yumruq” kimi birliyi nəticəsində tarixi Zəfərimizə necə imza atdıqsa, bu həmrəyliyimiz, beynəlxalq hüquqa əsaslanan mövqeyimiz sayəsində işğalçı Ermənistanın cinayət əməllərinə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacağına nail olacağıq. Azərbaycan dövləti hər bir məsələnin həllində ədalət və beynəlxalq hüquq məfhumlarını öndə saxlayır.”
“Soyqırımı faktı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra alıb” söyləyən Malik Həsənov vurğulayıb ki, Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib: “Bu mühüm sənəd həqiqətləin işıq üzü görməsinə geniş imkanlar yaradıb. Artıq 24 ildir Azərbaycanlıların Soyqırımı Gününü qeyd edirik. Zaman hər bir hadisənin mahiyyətinin, başvermə səbəbinin araşdırılmasında, düzgün dəyərləndirilməsində mühüm rol oynyır. 24 ildə erməni cinayətləri ilə bağlı xeyli sayda faktlar aşkarlanıb, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar ünvanlanıb. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın gələcəyi ilə bağlı bütün məqamları özündə ehtiva edir.”
