Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTO

    Deputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTO Sumqayıt Dövlət Universitetində Milli Məclisin deputatları ilə tələbələrin “Azərbaycanda qadın və gənclər siyasəti” mövzusunda görüşü keçirilib.
    Öncə SDU-nun rektoru professor Elxan Hüseynov və millət vəkilləri universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
    Qonaqlar Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu Öndərə həsr olunmuş kitablara baxış keçiriblər. Millət vəkilləri Hicran Hüseynova və Emin Hacıyev xatirə kitabında ürək sözlərini qeyd ediblər.

    Sonra millət vəkilləri ilə görüş akt zalında davam edib.

    Universitetin rektoru professor Elxan Hüseynov qonaqları, tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib və mövzunun aktual məsələlərə həsr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, cəmiyyət, gənclər siyasəti, ailə və qadın problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir, ölkəmizdə hər iki siyasət uğurla davam edir. Rektor xüsusilə vurğulayıb ki, Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Ulu Öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərib.
    Rektor onu da vurğulayıb ki, tarixən hər bir xalq xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi ölkə də prioritet məsələlərdən biridir. Gənclər ən dinamik zümrə kimi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. 44 günlük uğurlu Vətən savaşı bir daha onu göstərdi ki, ölkəmizin gələcəyi əmin əllərdədir. İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu göstərdi. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini mərdanə nümayiş etdirdilər. Dövlət başçısı cənab İlham Əliyevin çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdilər. Üçrəngli dövlət bayrağımız dədə-baba torpağımız olan Qarabağda dalğalandırıldı. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var. Gənclərə vətənpərvərlik hissini aşılayan universitetimiz Şəhidlərimizin əziz xatirəsini daima anır. SDU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan rektor tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırdı.
    Rektor onu da diqqətə çatdırıb ki, bu gün Sumqayıt Dövlət Universitetində təhsilin bütün pillələri, o cümlədən, elmlər doktoru proqramı üzrə kadr hazırlığı aparılır.
    Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova rektor professor Elxan Hüseynovu və kollektivi salamlayaraq vurğulayıb ki, hər bir ölkənin aparıcı qüvvəsi gənclərdir: "Hələ 25 il əvvəl Ulu Öndər Heydər Əliyev göstərərək məhz gənclərə üz tutdu, onlara öz tövsiyələrini verdi. Gələcək inkişaf üçün əməli-praktik addımlar atıldı. O zaman deyirdilər ki, ölkənin bu qədər çətin bir vəziyyətində, buna ehtiyac yoxdur. Ancaq o, öz müdrik siyasəti ilə, sübut etdi ki, gənclərə göstərilən etimad özünü doğurldacaq və bu belə də oldu. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Onlarla görüşmək, müzakirələr aparmaq çox vacibdir. Ona görə də, belə bir fürsət yaradığına görə universitetin rəhbərliyinə təşəkkür edirəm. Bu gün sizinlə məni, eləcə də hamını narahat edən bəzi məsələləri nəzərinizə çatdırmaq istəyirəm. Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olmuşdur. Nə ilə seçilir Azərbaycan ailə modeli? Onun əsasında nə dayanır? Niyə Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu qədər ailə dəyərlərinə, milli- mənəvi dəyərlərə fikir verir? Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq."
    H.Hüseynova vurğulayıb ki, bir-birinə hörmət, böyüklərə ehtiram, kiçiklərə qayğı, qadına hörmət, bərabərlik, Vətənə bağlılıq, vətənpərvərlik, mehribançılıq, bunlar hamısı bizim mədəniyyətimizin əsasında dayanır: "Bunlar bizim ailə dəyərlərimizdir. Bu gün müasir dövrdə bir mənəvi məsələlərlə yanaşı siyasət də bir biri ilə simbioz təşkil etməlidir. Və biz bunu görürük. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır. Hazırda dünyada bir çox ekspertlər düşünür ki, gələcək necə olacaq? Yetişən yeni nəsil hansı dəyərləri əsas götürəcək? Çünki, biz görürük ki, müəyyən ssenarilər hazırlanır, gənclərə təsir edirlər. Biz nə təqdim edə bilərik? Bir misal deyəcəm. 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncliyi elə bir nümunə göstərdi ki, hər kəs bir daha düşünməli oldu. Gənclərimiz ölümdən, çətinlikdən qorxmadılar, Vətəni erməni işğalından azad etdilər.
    Deyirdilər ki, yeni nəsil Qarabağı görməyib, onlar bu torpaqlar uğrunda vuruşmayacaqlar, lakin Azərbaycan gənci sübut etdi ki, o Vətənini sevir. Bəs bu nədən irəli gəlir? Əlbəttə ki, bizim ailə mədəniyyətindən, dəyərlərimizdən, bu qəhrəman oğulları tərbiyə edən analardan, dövlətin öz gəncinə inamından irəli gəlir.
    Bu xalq bir nəfər kimi, ölkə başçısının ətrafında sız birləşdi. İstər arxa cəbhədə, istər ön cəbhədə hər kəs bütün varlığı ilə mübarizə aparırdı. Bütün bu amillər isə Qələbəni təmin etdi."
    Komitə sədri xatırladıb ki, 30 il ərzində 2 dəfə müharibə edən, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan informasiya, iqtisadi blokadadan çıxa bildi: "Regionun və dünyanın nüfuzlu ölkəsinə çevrilməyi bacardı. Bu heç də asan deyil. Çox böyük zəhmət çəkilib. Cənab Prezident dəfələrlə deyib ki, biz heç kimdən heç bir kömək almadan, yardım istəmədən, öz gücümüzün hesabına bu işləri həyata keçiririk. Azərbaycan yeni reallıqlar yaradır və kiçik ölkə olmasına baxmayaraq siyasi, iqtisadi, mədəni və sosial siyasəti ilə bütün dünyanı heyrətləndirir. Siz də bu inkişafa öz töhfənizi verməli, fəal olmalısınız."
    Millət vəkili Emin Hacıyev “Azərbaycanda gənclərin inkişafı və xaricdə təhsil məsələləri” mövzusunda məruzə ilə çıxış edib, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıb, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” haqqında məlumat verib.
    Millət vəkilləri tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi apararaq onları maraqlandıran sualları cavablandırıblar, gənclərə təhsillərində uğurlar arzulayıblar, Sumqayıt Dövlət Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün baza rolunda çıxış edəcəyinə əminliyini ifadə ediblər.
    Deputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTODeputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTODeputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTODeputatlar Sumqayıtda tələbələrlə görüşüblər - FOTO

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ