Sizin reklam burada
Sizin reklam burada
  • Xocalıda baş verənləri xalqımız heç zaman unutmayacaq!

    Xocalıda baş verənləri xalqımız heç zaman unutmayacaq! Eldar Qurbanov,
    Bakı şəhəri 27 saylı Notariat Ofisinin notariusu

    Unutqanlığın yeni faciələrə yol açdığı hamımıza bəllidir. Elə Xocalı faciəsinin baş verməsində də bu faktor özünü göstərib. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdları olan Qərbi Azərbaycandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən belə yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə aərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Belə hadisələrə qədər erməni daşnaklar 230-a yaxın azərbaycanlılara məxsus evləri yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər.
    7 minə yaxın əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin bu şəhərə olan əsas maraqları da buranın əhəmiyyətli dərəcədə strateji mövqeyə malik olması ilə bağlı idi.
    Yada salaq ki, Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr də bunu isbatlayır. Məsələn, Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekrapollar tapılmışdı. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük, bəzək əşyaları, gildən ev əşyaları və s. aşkar edilmişdi. Tapılmış muncuq dənələrindən birində isə Assuriya şahı Adadperarinin adı yazılıb.
    Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
    Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də enmişdi. Şuşa səmasında mülki vertolyotun vurulması və 4 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Müdafiə əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
    Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
    Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhər hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan iki saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.
    Yeri gəlmişkən, bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edirdi. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüşdü və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər isə buna məhəl qoymadılar…
    Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup iki vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyidi götürmək mümkün oldu.
    Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha dəhşətli mənzərə müşahidə olundu. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdi. Bu qaniçən cəlladlar nə qocalara, nə uşaqlara belə rəhm etməmişdilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ