Sizin reklam burada
Sizin reklam burada
  • Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir

    Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir Elmar Kərimov,
    Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusi

    Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü tamam olacaq. Mən bir qədər irəli gedib “narahat adamlar”dan soruşmaq istəyirəm: “Müharibənin gedişində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələrinə geniş müsahibələr verdi. Onlardan hansı Xocalı faciəsi barədə ölkə başçısına sual ünvanladı?”
    Başqalarını qoyaq kənara. Bizim Xocalı soyqırımını unutmağa heç cür haqqımız yoxdur. Hələ onu demirəm ki, 200 il ərzində ermənilər xalqımıza qarşı saysız-hesabsız qırğınlar törədiblər. Və nəzərə alaq ki, onların arasında Xocalı faciəsi ən yaxın tariximizdə baş verib.
    Təbii ki, bu barədə çox yazılıb, çox deyilib və sözsüz ki, hələ çox yazılacaq, çox deyiləcək.
    22 noyabr 2020-ci il ədliyyə işçilərinin peşə bayramı çox əlamətdar günlərə təsadüf etdi. Qarabağın işğaldan azad olunması üçün 27 sentyabrdan başlanan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, diplomatik gedişləri və şanlı ordumuzun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonları və nəhayət, Şuşa qalası düşmən tapdağından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın 10-da imzaladığı tarixi sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları isə döyüş aparılmadan bizə qaytarıldı.
    Bu, doğrudan da möhtəşəm bir qələbə idi. Düzdür, bəziləri sonralar ölkəmizin belə bir uğuruna kölgə salmaq cəhdləri göstərir, xüsusilə Rusiya sülhməramlıları ilə bağlı yersiz haray-həşir salırlar. Əlbəttə, hamı görür ki, ortada müəyyən problemlər, anlaşmazlıqlar var. Ancaq kənardan baxanda çoxlarına asan görunən məsələlərin çözümü sözsüz ki, zaman tələb edir. Xarici qüvvələrin də ədalətsiz mövqeləri göz qabağındadır. Məgər 30 il ərzində bizim səsimizi eşidən var idimi? Nə tez unutduq bunları?
    Mən isə diqqəti bu mövzuda bir məsələyə yönəltmək istəyirəm.
    Hələ 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya keçirilməsi təşəbbüsünü irəli sürdü. Əslində gənc xanımın ideyası özünü bu sözlərdə əks etdirirdi: “Gəlin birlikdə həqiqəti təşviq edək. Sübut edək ki, ədalət hökmən zəfər çalacaq”.
    Kampaniya ilk dəfə olaraq ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycan Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına yönəlmiş sistemli maarifçilik və təbliğat işi aparılması üçün pərakəndə səylərini birləşdirdi. Bu kampaniyanın məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağrı-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərməkdir.
    Bu gün onlarla ölkədə uğurla həyata keçirilən bu kampaniyaya indiyədək 120 mindən çox insan və 100-dən çox təşkilat qoşulub. Kampaniya çərçivəsində keçirilən sərgilər, konfranslar, kütləvi aksiyalar Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmağa, erməni millətçiliyinin eybəcər simasını açıb göstərməyə imkan verir. Bu işdə bütün informasiya resurslarından – Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun çoxsaylı nəşrlərindən, sənədli filmlərindən, sosial şəbəkələrdən geniş istifadə edilir.
    Nəticə göz qabağındadır. 10-dan çox ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatının qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ermənilərin cinayətlərini pisləyən dövlətlərin sayı isə ilbəil artır.
    Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir. Onsuz da gec-tez insanlığa sığmayan bu qətliamı törədənlər ittiham olunacaq, qanun qarşısında cavab verəcəklər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ