Sizin reklam burada
Sizin reklam burada
  • Xocalı qətliamı - qan yaddaşımız

    Xocalı qətliamı - qan yaddaşımız Hacı Orucov,
    Bakı şəhəri 3 saylı Notariat Ofisinin notariusu

    Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla, bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
    44 günlük Vətən müharibəsinin sonrakı gedişi hamımıza bəllidir və düşmən darmadağın edilərək torpaqlarımızdan qovuldu. Mən diqqəti sadəcə bir ailənin 5 üzvünün qətlə yetirilməsi faktını ona görə yada saldım ki, bu vəhşilik istər-istəməz Xocalı soyqırımını xatırlatdı…
    Dünyada belə iyrənc, qəddar, vəhşi hərəkətləri yalnız ermənilər edə bilər. Və indiyədək cəzasız qalaraq edirdilər də. Nəhayət, 200 ildən sonra onların burnu ovuldu, başları əzildi, qısaca desək, dərsləri verildi. Buna baxmayaraq indi Ermənistanda revanşistlər peyda olub və belələri xam xəyallara düşüblər.
    Ölkə başçısı İlham Əliyev hələ Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyirdi: “Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır”.
    Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “İnsanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. Sonrakı illərdə ABŞ-ın 20-yə yaxın ştatı və digər ölkələr, eləcə də beynəlxalq təşkilatlar da belə bir addım atmışlar.
    Onu da vurğulamaq lazımdır ki, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu məsələdə xidmətləri kifayət qədər böyükdür. Fond bu günədək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, foto-sənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biridir.
    Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdir. Heç şübhəsiz ki, zəngin faktlara və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır.
    Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində əməli addımlar atırlar. Soyqırımı günü hər il diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edərək, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə yönəldərək faciəni törədənlər barədə geniş məlumatlar verirlər.
    Bəllidir ki, bu gün Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra bizi azad olunan torpaqlarımıza “Böyük Qayıdış” gözləyir. Artıq bu istiqamətdə işlərə start verilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ