Sizin reklam burada
Sizin reklam burada
  • Xocalı soyqırımından bizi illər ayırır

    Xocalı soyqırımından bizi illər ayırır Ərəstun İmanov,
    Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu

    Sözsüz ki, Vətən müharibəsi günlərində biz ədliyyə işçiləri də hər gün, hər saat döyüş bölgəsindən xəbərlər gözləyirdik. Qələbə müjdəli xəbərlər isə sanki ürəyimizə məlhəm kimi yayılırdı. Axı, təkcə son 30 ildə nankor və mənfur qonşularımız öz havadarları vasitəsilə hər bir azərbaycanlının sinəsinə dağ çəkmişdi… İllərlə qovrula-qovrula qalmışdıq.
    Nəhayət, “dəmir yumruq” işə düşdü, düşmənin başını əzdi, 44 günlük döyüşlərdə kifayət qədər qisasımızı ala bildik!
    Tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq ikinci Qarabağ müharibəsinin qazanılmasında xalqımız birlik və həmrəylik nümayiş etdirdi. Ordumuzun döyüş meydanında əldə etdiyi böyük uğurlar siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev dövlətimizin hərbi gücünü, qüdrətini, ordumuzun regionda peşəkar, yüksək hazırlıqlı, vətənpərvər, müasir təchizata malik güclü ordu olduğunu bütün dünyaya göstərdi. Dövlət başçımız həm də qətiyyətli, prinsipial və dönməz mövqe sərgiləyərək diplomatik məharəti ilə siyasi meydanda da düşmənə sarsıdıcı zərbə vurdu, Ermənistanı kapitulyasiya aktı olan birgə bəyanata imza atmağa məcbur etdi.
    Ölkə başçısının hərbçilərimizlə görüşündə vurğuladığı kimi, “bu qələbəni qazanan əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrnəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir”.
    Bu, həmin düşmən idi ki, yaranmış tarixi şəraitdən istifadə edərək torpaqlarımızın 20 faizini zəbt etmişdi. Bu, həmin düşmən idi ki, qanımızı içməyə belə hazır idi. Nəhayət, bu, həmin düşmən idi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən alçaq, ən iyrənc, ən qəddar soyqırımını törətmişdi.
    Xocalı faciəsi XX əsrdə törədilmiş bir çox soyqırımları qəddarlıq və vəhşilik baxımından geri qoyub. Baxın, məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan nə yazır: “Kimlər ki, Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki, Serj Sarkisyanladır, onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət, qatil olmaq lazımdır, bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır”.
    Erməni yazıçısı Xocalı soyqırımı haqqında Serj Sarkisyanın bəyanatını da xatırladıb: “Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını sizə və dünyaya təqdim edirəm: “Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”.
    Bu sözlərdən qəzəblənən Anna Payatyan ardınca yazır: “Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde tərəfdarları bizim xalqımızın adına qara ləkə vurdular!!! – deyə erməni yazıçısı hiddətlə bildirib.
    Əslində Xocalı dəhşətləri təkcə Anna Payatyanın buna qədər susmuş vicdanını oyatmamışdı. İnsanlığa sığmayan bu qətliamı, Xatın, Liditse, Babi Var kimi faciələri geridə qoyan erməni vəhşiliyini onların öz arasında qəbul etməyən və pisləyən digərləri də var idi. Məsələn, o zaman milliyyətcə erməni olan avropalı jurnalist David Xeyriyan törədilən qətliam barədə belə yazırdı: “Ermənilər Xocalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət edirəm”.
    Gərək ki, şərhə ehtiyac yoxdur. Digər bir misalı türklərin qatı düqməni, ermənilərin məşhur ideoloqu M.Şahnazarovdan gətirmək istərdim: “Xocalı faciəsinin genosidi xatırlatmasına heç bir şübhə yeri yoxdur”.
    Əsrin faciəsi - Xocalı soyqırımından bizi illər ayırır. Bu illər ərzində yaramızın qanı bir an belə dayanmayıb. Xocalı faciəsi qurbanlarının xatirəsi hər il fevralın 26-da bütün dünya azərbaycanlıları və türk dünyası tərəfindən anılır. Hər il həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə əhalisi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə yürüş edir.
    Xocalıda şəhid olan azərbaycanlıların xatirəsini əziz tumaq hər birimizin borcudur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ