Sizin reklam burada
Sizin reklam burada
  • Bizim Xocalı faciəsini unutmağa haqqımız yoxdur

    Bizim Xocalı faciəsini unutmağa haqqımız yoxdurElgün İmanlı,
    Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu

    Azərbaycan da dünyanın kiçik bir parçasıd ır və dünyada baş verənlər bizdən də ötüşüb yan keçə bilməz. Üstəlik xalqımız yüz illərdir ki, ədalətsizliklərlə, haqsızlıqlarla, daha dəqiq desək, erməni vəhşilikləri ilə üz-üzədir. Bütün bunlar barədə çox yazılıb və çox deyilib. Qarşıdan Xocalı faciəsinin növbəti ildönümü gəldiyindən, mən diqqəti bu mövzuya yönəltmək istəyirəm.
    Xatırlatmaq istəyirəm ki, Xocalıda soyqırımı aktının baş verdiyini istintaq materialları da tam təsdiqləyib. İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş hərbi birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçib.
    Hücumda 366-cı alayın komandiri Zaviqarov Yuri Yureviç və mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitqiyan Valeri İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və praporşiklər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnikadan istifadə olunub.
    366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan müvafiq maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmin şəxslər barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışların həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.
    Həqiqət isə bundan ibarətdir ki, günahı olan konkret şəxslərin heç biri bugünədək cəzalandırılmayıb. Çünki dünya hələ də haqqı, ədaləti mütləq şəkildə müdafiə etmək gücündə deyil. Bunun səbəblərini heç izah etməyə də ehtiyac yoxdur. Təkcə İkinci Qarabağ Müharibəsini xatırlamaq kifayətdir ki, demokratiyadan, insan haqlarından dəm vuran qərb və Avropa ölkələri bizim haqq işimizə necə yanaşdılar…
    Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən də lazımınca qiymətləndirilmədi. Əvvəla, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər görülmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı vaxtında dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi, sözsüz ki, öz mənfi nəticələrini verdi. Təsəvvür edin ki, misli görünməmiş bir faciə törədilir və Azərbaycan rəsmiləri tərəfdən ilk məlumatda Xocalıda cəmi 2 nəfərin qətlə yetirilməsi deyilir…
    Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının ildönümü ilə əlaqədar 25 fevral 2000-ci il tarixdə xalqa müraciətində deyirdi: “Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları böyük məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi o zaman tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişdir. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı hadisələrindən erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur”.
    Ümummilli lider daha sonra qeyd edirdi ki, Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.
    Ulu öndərin bu müraciətindən 21 il keçir. Ötən illər ərzində həm dünyada, həm də Azərbaycanda çox şey dəyişib. Bircə ermənilər həmin tanıdığımız ermənilərdir, bircə onlar dəyişməyiblər. Bizim isə nə Xocalı faciəsini, nə də ki, digər erməni pisliklərini unutmağa haqqımız yoxdur!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ