Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçir? - İCMAL

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçir? - İCMAL Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya işgüzar səfər edib. Bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına yeni təkan verəcək.
Azərbaycanla Ukrayna arasında ticari-iqtisadi əlaqələr ikitərəfli münasibətlərin inkişafının aparıcı qüvvəsidir. Bu münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes assosiasiyaları vasitəsilə baş verir. Bakı ilə Kiyev arasında ticarət tərəfdaşlığı artan xətt üzrə irəliləyir: 2021-ci ilin 11 ayı ərzində ticarətin həcmi 866 milyon dollar olub. 2020-ci il ərzində bu göstərici 771 milyon dollar təşkil etmişdi.
İki ölkə xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Ukrayna əkin üçün yararlı geniş əraziyə malikdir və Azərbaycan Ukraynanın bu sahədə böyük təcrübəsindən və texnologiyalarından yararlana bilər. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edə bilər.
Ukrayna, həmçinin neft-kimya sahəsində Azərbaycan məhsullarının satışı üçün böyük bazardır. Azərbaycan enerji sahəsində Ukraynanın strateji tərəfdaşıdır. İki ölkənin neft-qaz kompleksinin inkişafı məsələləri üzrə əməkdaşlığı da vacib əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə satışı, təbii qaz və aviasiya yanacağının topdan satışından ibarətdir. Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığının potensialı hələ də tam istifadə olunmayıb. Bu baxımdan Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, energetka obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılması perspektivli ola bilər.
Bundan başqa, Ukrayna “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi çərçivəsində Avropa bazarına tədarük olunan Azərbaycan təbii qazının idxalı imkanlarını nəzərdən keçirir.
Digər vacib aspektlərdən biri də humanitar sahədə əməkdaşlıqdır. Azərbaycanlı tələbələr arasında Ukraynanın ali təhsil müəssisələrinə böyük tələbat var. 2021-ci ildə Ukraynanın ali təhsil müəssisələrinə 1 247 Azərbaycan vətəndaşı daxil olub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edəcək və əlaqələri yeni səviyyəyə yüksələcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ