Sizin reklam burada
Sizin reklam burada

Əliabbas Salahzadə: “Şuşa İli” Qarabağın tacının daha geniş miqyasda təqdimatına yeni imkanlar yaradır

Əliabbas Salahzadə: “Şuşa İli” Qarabağın tacının daha geniş miqyasda təqdimatına yeni imkanlar yaradır Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən böyük qürur hissi ilə bəhs edərək bildirib ki, 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Müzəffər Ali Baş Komandan bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada aparılan bərpa və quruculuq işlərinin miqyasına, yaradılan təkmil idarəçilik sisteminə diqqət yetirmək kifayətdir. Şuşa sözün əsl mənasında dirçəlir, əvvəlki simasına qaytarılması üçün biri-birindən əhəmiyyətli addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Azərbaycanın geniş vüsət alan iqtisadi inkşafından bəhs edərkən bu statistikanı açıqlamaqla işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə aydın təsəvvür yaratmışdır. Belə ki, 2021-ci ildə möhtərəm Prezidentimizin regionlara 47 səfəri olub ki, bunların 32-si işğaldan azad edilmiş ərazilərədir. Cənab İlham Əliyev Şuşaya 7 dəfə səfər edib. Bu səfərlər Böyük Qayıdışın başlanmasından, bütün işlərə start verilməsindən xəbər verir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə ilk səfərində bu əminliyi ifadə etmişdir ki, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Ə.Salahzadə vurğulayıb ki, “Şuşa İli” işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları özündə ehtiva edir: “Ermənilər illərlə Şuşanı erməniləşdirmək üçün cəhdlər etdilər. Hər daşı, qayası, küçələri tarix olan Şuşada bütün tarixi və dini abidələri dağıdaraq məqsədli planlarını həyata keçirəcəklərini düşünsələr də unudurdular ki, tarixi silmək, ört-basdır etmək mümkün deyil. Şuşanın işğaldan azad edilməsi ermənilərə vurulan ən böyük zərbə idi. Şuşa əməliyyatı dünyaya səs saldı. Düşmən hesab edirdi ki, Şuşanı işğaldan azad etmək mümkün deyil. Dövlət başçısı İlham Əliyevin Vətən müharibəsi dövründə  xarici mətbuata çoxsaylı  müsahibələrində yer alan əsas çağırışlardan biri bu idi ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Milli Məclisin deputatı qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan ordusunun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa edildi, torpaqlarımız tarixi sahiblərinə qovuşdu, toy-büsatlı Şuşamız yenə də qonaqlarını qarşılamağa başladı: “2021-ci ilin martında Cıdır düzündə Novruz tonqalı yandırıldı, may ayında “Xarıbülbül” musiqi festivalı, avqustda Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Cıdır düzündən Azərbaycan muğamı dünyaya yayıldı. Şuşa 15 iyun-Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. 2022-ci il “Şuşa İli” çərçivəsində keçiriləcək tədbirlər mədəniyyət paytaxtımız barədə dolğun məlumatların  beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq. Bu tədbirlərə qatılacaq hər kəs Şuşamızın təbliğatçısına çevriləcək. Qarabağın tacının daha geniş miqyasda tanıdılması üçün yeni imkanlar yaranır”.
“Azərbaycanın döyünən ürəyi Şuşamızın işğaldan azad edildiyi tarix - 8 noyabr Zəfər Günü kimi təsis edilib. Atılan hər bir addım Şuşamızın təqdimatına öz töhfəsini verir. Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilib istifadəyə verilməsi də Qarabağın tacının bərpasının qısa müddətdə başa çatdırılmasına, eyni zamanda, onun gözəlliyini görmək istəyində olan turistlərin gediş-gəlişi üçün rahat şəraitin yaradılmasına hədəflənib. 8 ayda Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının   iki dost, qardaş ölkənin Prezidentlərinin – cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının növbəti təqdimatı oldu. Düşünürük ki, “Şuşa İli” çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşamıza növbəti səfərləri olacaq, dünyaya səs salacaq tarixi günlər yaşanacaq. Cıdır düzü bu birliyə, həmrəyliyə şahidlik etməkdən daha da qürurlanacaq. Prezident İlham Əliyevin 2021-ci ildə 7 dəfə Şuşaya səfəri “Şuşa İli” çərçıvəsində atılacaq addımların da aydın mənzərəsini yaradır. Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etməyin mümkünsüzlüyünü hər səfərində xüsusi vurğulayan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli”nin elan olunması bir daha Azərbaycanın hərbi-siyasi, diplomatik qələbəsinin,   Ermənistana və ona dəstək verən bəzi dövlətlərə keçirilən tarix, hüquq və milli qürur dərslərinin təsdiqidir”, - deyə Ə.Salahzadə vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ