Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.
Noyabrın 26-da MDB Parlamentlərarası Assambleyasının 53-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında çıxış edib. Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün geniş beynəlxalq miqyasda öz quruculuq imkanlarını reallaşdırmağa qadir olan parlament diplomatiyasının əhəmiyyəti artmaqda davam edir. O qeyd edib ki, MDB PA-nın himayəsi altında həyata keçirilən yeni ideyalar və layihələr, mühüm beynəlxalq tədbirlər sayəsində Assambleyaya maraq artır.
Azərbaycan parlamentinin spikeri Üçüncü Avrasiya Qadın Forumunun əhəmiyyətini qeyd edib, həmçinin, cari ilin may ayında keçirilmiş 9-cu Neva beynəlxalq ekoloji konqres müstəvisində parlamentarilərin qlobal ekoloji dialoqu davam etdirmələrinin önəmli olduğunu söyləyib. O, məmnunluqla bildirib ki, parlamentarilər bu gün çox zəruri olan ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın  möhkəmləndirilməsinə  yönəlmiş növbəti addımları müzakirə ediblər.
Sahibə Qafarova öz nitqində ölkəmizin növbəti ildə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasına sədrliyi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. O, əminliklə bildirib ki, gənc parlamentarilər  Assambleyaya üzv dövlətlər arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfələrini verməkdə davam edəcəklər.
Öz çıxışında Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistanla 44 günlük müharibədə Qələbə əldə edərək, biz azad olunan ərazilərimizdə  genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışıq. Sahibə Qafarova məcburi köçkünlərin, erməni işğalından əziyyət çəkən bir milyondan çox insanın tezliklə öz yurdlarına qaytarılacağını söyləyib. Spiker  bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında münaqişəyə son qoyulub.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair Ermənistana bir sıra təkliflər vermişik. Bu, beynəlxalq hüququn normalarına cavab verir. Spiker Sahibə Qafarova bildirib ki, biz regionda sabitlik və firavanlıq istəyirik, müharibə haqqında yox, sülh və gələcək barədə danışmaq istəyirik.
Çıxışının sonunda Azərbaycan parlamentinin sədri iclas iştirakçılarının  bundan sonra da qarşılıqlı hörmət və dəstəyə söykənən prinsiplər əsasında Assambleya çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarına əminliyini ifadə edib. 
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ