Sizin reklam burada
Sizin reklam burada
  • Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük

    Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük Əminə Ağazadə
    Milli Məclisin deputatı

    Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
    Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
    Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
    Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır.
    Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.
    Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir.Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir.
    Çox müsbət haldır ki, bu resurslar, ümumilikdə türk birliyi hər hansı bir dövlətə, xristian topluma qarşı çevrilmir. Əksinə, çox modern əməkdaşlıq hamıya açıqdır. Mövcud təcrübədən, strateji layihələrdən digər qeyri-türkdilli ölkələrin də faydalanması labüddür.
    Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Bu ölkələrlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlanması, media qurumları arasında iş birliyinin genişlənməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.
    Türkdilli ölkələr arasında belə əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən, Azərbaycanın faydalanacağı şübhəsizdir.
    İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ