Sizin reklam burada
Sizin reklam burada
  • Son 200 illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək qalib çıxdı

    Son 200 illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək qalib çıxdı İltizam Yusifov,
    millət vəkili

    30 ildən artıq Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması üçün 27 sentyabr 2020-ci il tarixi yeni mərhələnin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin və terrorçu qruplaşmaların Azərbaycan torpaqlarını işğal etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan edildi.
    İllərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarmağa məcbur etdi. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsini böyük Zəfərlə başa çatdırdı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək qalib çıxdı. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına əsasən hər il üçün 8 Noyabr - Zəfər Günü və 27 Sentyabr --Anım Günü təsis edildi.
    Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu effektiv hərbi strategiya və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində guya “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu.
    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Hər zaman xalqın dəstəyinə arxalanan İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşında da misilsiz rəşadət göstərdi.
    44 gün ərzində igid və qəhrəman oğullarımız canlarını qurban verib, Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı. Şəhidlərimiz bu müharibədə ölümün gözünə dik baxaraq, Vətənimiz, torpaqlarımız bütöv olsun deyə canlarını qurban verdilər. Onlar cəsarəti, mübarizliyi, Vətənə olan sonsuz sevgiləri sayəsində qəhrəmanlıq dastanına çevrildilər.
    Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı göstərilməsi, sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə fərman və sərəncamlar imzalanmış, Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları tərəfindən bu qəbildən olan insanların problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.
    Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ