Sizin reklam burada
Sizin reklam burada

Bu tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq!

Bu tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq! Məşhur Məmmədov,
millət vəkili

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi... İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.
Hər zaman işğalçı mövqedə olan Ermənistanın inkişafı üçün yeganə yol isə öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Vətən müharibəsi zamanı bir daha əmin olduq ki, bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi. Havadarlarının əli ilə qalib gəlmək xülyası suya düşdü, arzu etdikləri nə vardısa, hamısı puç oldu.
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə isə təsadüfi deyildi. Çünki bu nailiyyətin arxasında Qələbəni təmin edən uğurlar dayanırdı. Hələ illər öncə Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Əsasən də ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bunun arxasında isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımı, mövqeyi, yürütdüyü uğurlu dövlət siyasəti dayanır.
Qazandığımız Zəfərdə beynəlxalq mövqelərimizi möhkəmləndirən ikitərəfli əlaqələr də mühüm rol oynadı. Əldə etdiyimiz tarixi Qələbə sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Heç kəsə sirr deyil ki, müharibə zamanı Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. Çünki Ermənistandan fərqli olaraq ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Bizim gücümüzə güc qatan, daim yanımızda olan qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi. Bu isə o deməkdir ki, Azərbaycanın haqq savaşında ədaləti bərpa etməsi qaçılmaz idi.
Bütün bunlarla yanaşı, uğurun əsas amili həm də xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmişdir.
Bu gün isə qarşımızda güclənən Azərbaycan və məhv olan Ermənistan var. Ən əsası da Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Azərbaycan dövləti isə Qarabağı yenidən cənnətə çevirərək bundan sonra da fəxrlə söyləyəcək ki, Qarabağ bizimdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ