Sizin reklam burada
Sizin reklam burada

Prezidentin Rusiya səfəri: Bakı və Moskva arasında yeni və daha mühüm bir mərhələ başlayır

Prezidentin Rusiya səfəri: Bakı və Moskva arasında yeni və daha mühüm bir mərhələ başlayır İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Liderlərin görüşü zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Heç kimə sirr deyil ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalılıq, ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir və hər iki ölkənin mənafeyinə cavab verir. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bir daha təsdiqlədi.
Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradan amillərdən biri və bəlkə də birincisi Azərbaycan və Rusiya prezidentləri arasındakı etimad və dövlət başçılarının geosiyasi proseslərə ortaq baxış bucağına malik olmalarıdır. Bu amil dövlət başçılarının görüşündə də özünü büruzə verdi. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya əməkdaşlığında yeni və daha mühüm bir mərhələnin başlandığından xəbər verir.
E.Mirzəbəyli qeyd edib ki, bu mərhələ hər iki ölkənin maraqlarına cavab verən yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə müşayiət oluna bilər. Hər iki ölkənin iqtisadi potensialı Cənubi Qafqazın və daha geniş subregionun təhlükəsiz, xarici müdaxilələrə qapalı və daim inkişafda olan bir regiona çevrilməsi üçün bütün lazımi çağırışlara cavab verir.
“Azərbaycan və Rusiya prezidentlərinin görüşündə səslənən fikirlər hər iki ölkə liderinin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqeyə sahib olduqlarını nümayiş etdirdi. Açıq şəkildə ifadə olundu ki, razılaşmada yer alan bütün prinsiplər, o cümlədən bütün kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəalar icra olunmalıdır. Bu yanaşma, eyni zamanda, 10 noyabr Bəyanatının icrasına, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bir sıra hazırlıq işlərinin yerinə yetirilməsinə və nəzərdə tutulan layihələrin reallaşdırılmasına süni maneə yaratmaq istəyən dairələrə də ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”, - deyə siyasi ekspert vurğulayıb.
E.Mirzəbəyli bildirib ki, bölgəyə üçüncü qüvvələrin müdaxiləsinə zəmin yaratmaq üçün edilən cəhdlər, həmçinin kommunikasiyalarına açılmasına yaradılan süni əngəllər yolverilməzdir.
“Ermənistan rəhbərliyinin son bir neçə ay ərzində sərgilədiyi mövqe, 10 noyabr Bəyanatının icrasına maneə yaratmaq istiqamətində sərgilədiyi manipulyativ davranışlar regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına qarşıdır və belə addımların qarşısı qətiyyətlə alınacaq”, - deyə siyasi ekspert qeyd edib.
Prezident İlham Əliyevin Rusiyaya səfəri sübut etdi ki, Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır. Rusiya dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır, Şimal qonşumuz Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri barədə danışarkən deyib. Deputatın sözlərinə görə, Rusiya Azərbaycanın mövqeyini bəyənir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir: “Vladimir Putin bildirdi ki, qısa zamanda Rusiyadan Azərbaycana nümayəndə heyətinin səfəri gözlənilir. Rusiya Prezidentinin Azərbaycanın post-münaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə cənab Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir. İstənilən halda, Azərbaycan münaqişəni öz gücü hesabına həll edib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bölgədə kommunikasiya xətlərinin açılması və bərpa edilməsi üçün çox münbit şərait var. Üçtərəfli bəyanatda da göstərildiyi kimi, həm Rusiya, həm Ermənistan, həm də Azərbaycan bu kommunikasiya xətlərinin fəaliyyət göstərməsi razılığına gəlib. Ancaq Ermənistan tərəfinin seçkilərə qədərki dövrdə sərgilədiyi mövqedən fərqli mövqe ortaya qoymasının artıq vacib olduğu ekspertlər tərəfindən də söylənilir və bu baxımdan Rusiyanın bu məsələdə oynayacağı rol böyükdür. Həmçinin cənab Prezidentin Rusiyaya səfərindən öncə bildirdiyi fikirlər və orada səsləndirdiyi bir çox məqamlar var. Düşünürəm ki, artıq bu problemlərin aradan qalxmasına çox müsbət təsir edəcək. Qısa zamanda, biz bəzi qaranlıq məqamlara aydınlıq gətiriləcəyinin şahidi olacağıq. Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır, dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır. Rusiya Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Ermənistan və Azərbaycan arasında sərhədlərin tanınması prosesi sürətlənə bilər və yəqin ki, yaxın vaxtda sülh müqaviləsinin də imzalanması gündəmdə olacaq. Çünki istənilən münaqişə bitdikdən sonra sülh müqaviləsinin bağlanması labüddür. Ermənistan da gec-tez bunu anlayacaq, Rusiya da Ermənistanı kompromisə getməyə məcbur edəcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ