Sizin reklam burada
Sizin reklam burada

“Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir

“Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, Rayon Gənclər Birliyinin sədr müavini

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Eləcə də, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Bu gün “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir. Artıq Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bunlardan xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri vurğulamaq olar. Həmçinin, ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı məşhur "Nabukko" kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Xüsusilə qeyd etmək lazımdır ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi cənab Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.
Həmçinin, hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşmışdır. Belə ki, 2021-ci il 1-3 iyun tarixlərində Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyə səfəri və səfər çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və partiyanın digər rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaratdı. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir. Hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir.
Eyni zamanda, 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclər platformalarında birgə fəaliyyətdə uğurlu yol qət edə bilər. YAP və AKP Sədrlərinin - dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir.
Beləliklə, bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ