Sizin reklam burada
Sizin reklam burada

KTMT-yə baş katib seçmək müşkülə çevrilib

KTMT-yə baş katib seçmək müşkülə çevrilib Politoloqların fikrincə, Serj Sərkisyanın güvəndiyi, kölgəsində gizləndiyi hərbi təşkilat artıq onu müdafiə etmək istəmir .

Rusiyanın himayəsi altında yaradılan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti xeyli vaxtdır ki, başa çatıb. Bu səbəbdən təşkilatın yeni baş katibinin seçilməsi məsələsi bir neçə aydır gündəmə gətirilib. Lakin KTMT-yə üzv dövlətlər bu günə qədər öz aralarında bu problemi həll edə bilməyiblər.

Xatırladaq ki, oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclasından öncə Ermənistana məxsus "Aykakan Jamanak” qəzeti sabiq müdafiə naziri Seyran Ohanyanın KTMT-yə baş katib gətirilməsindən imtina etdiyini yazmışdı. Nəşrin yaydığı məlumata görə, bundan sonra Ermənistan rəhbərliyi digər sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı KTMT-ya rəhbər gətirməyi planlaşdırıb. Səlahiyyət müddəti başa çatmış N.Bordyuja da bundan bir müddət əvvəl verdiyi açıqlamada yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi. Ona görə də Ermənistan prezident Serj Sarkisyanın oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclası zamanı növbəti 4 il üçün Arutyunyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi. Ancaq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həmin sammitdə iştirak etməməsinə görə İrəvanda KTMT-nin yeni baş katibinin seçilməsi məsələsi müzakirə olunmadı.

İki gün bundan öncə isə Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti ilə yanaşı, KTMT-nin də növbəti toplantısı keçirilib. Ehtimal edilirdi ki, budəfəki toplantıda KTMT-nin yeni baş katibi seçiləcək. Lakin Belarus prezidenti Aleksandr Lukaşenkonun hər iki tədbirə qatılmaması KTMT-yə yeni baş katib təyinatı məsələsini yenidən təxirə salıb. N.Bordyuja jurnalistlərə məlumat verərək bildirib ki, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələnin 2017-ci ilin aprel ayına qədər təxirə salınması barədə qərar qəbul edib. Qeyd olunanlardan da göründüyü kimi, Rusiyanın himayəsi altında olan KTMT-də artıq xeyli müddətdir ki, yeni baş katibin seçilməsi problemə çevrilib.

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə hesab edir ki, KTMT hərbi ittifaq olsa da, orada təmsil olunan dövlətlər heç də könüllü şəkildə bu quruma qoşulmayıblar. Deputatın fikrincə, KTMT-dəki bəzi dövlətlər ehtiyat edərək, bir qismi isə məcburiyyətdən bu quruma qoşulublar: "Bəzi dövlətlərdən biri digərinə hərbi təcavüz edəndə dərhal KTMT-dəki dövlətlər reaksiya verirlər ki, biz bu məsələlərə qarışmayacağıq. Ermənistan rəhbərliyi də bir vaxtlar tez-tez bəyanatlarla çıxış edir, bizi hədələyirdi ki, əgər Azərbaycan müharibəyə başlasa qarşısında KTMT-ni görəcək. Həmin vaxtlarda da KTMT-yə üzv olan digər dövlətlər bunun əksini göstərən bəyanat verdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Son zamanlar isə Rusiyanın düşdüyü vəziyyət, tutduğu mövqe Ermənistanı qane etsə də digər üzv dövlətləri qane eləmir, onlar cəhənnəmə gedənlə yoldaşlıq etmək istəmirlər. O baxımdan düşünürəm ki, KTMT-nin sonu yoxdur. Qazaxıstan, Belarus və KTMT-dəki digər dövlətlər doğru mövqedən çıxış edərək Azərbaycanla münasibətlərini Ermənistana görə qurban vermək istəmirlər. Həmin dövlətlər Azərbaycanla münasibətlərinə, Ermənistanın düşmənçilik, işğalçılıq niyyətlərinə də fikir verirlər. bütün bu amillər KTMT-nin zəifləməsinə təsir edir. Düşünürəm ki, Rusiya öz davranışlarında, xarici siyasətində redaktələr etməzsə, KTMT-nin də sonu olmayacaq. Xüsusən də Azərbaycana qarşı ədalətsiz mövqenin qorunub saxlanması KTMT kimi təşkilatların zəifləməsində böyük rol oynayır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ