Sizin reklam burada
Sizin reklam burada

Zirvələri fəth edən dahi

Zirvələri fəth edən dahi İqbal Məmmədov,
millət vəkili

Heydər Əliyev unikal bir şəxsiyyət idi.

Biz hər il mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin doğum gününü şövqlə qeyd edirik. Dahi şəxsiyyətin ad günü üçün yəqin ki, Qarabağ zəfərindən böyük heç nə ola bilməz. Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüzü təmin edildi. Bu qələbə həm də ürəyi həmişə Azərbaycan üçün döyünən böyük insanın ruhunu şad etdi.
Hər bir azərbaycanlı kimi bu Qələbə sevincini yaşayarkən Ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqımıza müraciəti gözümün önündə canlandı. O vaxt ulu öndər deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ötən 17 il ərzində Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun ideyalarını inamla həyata keçirən cənab İlham Əliyev Azərbaycan dövlətinin tarixində görünməmiş inkişafını reallığa çevirdi. Ən mühümü odur ki, bu siyasətin nəticəsində indi biz tarixin ən güclü Azərbaycanının vətəndaşları olmağımızla fəxr edirik. Prezident İlham Əliyevin nail olduğu bütün uğurlar Heydər Əliyev arzularının həyata vəsiqə almasının təsdiqi idi.
Yeri gəlmişkən, biz tarixi həqiqətləri heç vaxt unutmamalıyıq. Bu həqiqətlərdən ən böyüyü isə Milli Qurtuluş Günü ilə bağlıdır. 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir dahi idi - Heydər Əliyev.
Məhz bu böyük insan, nəhəng siyasətçi o vaxt xalqın ağır günündə xilaskarlıq missiyasını öz üzərinə götürərək Demokl qılıncı kimi Vətənin başı üzərindən asılmış bir təhlükəni ram etdi. Beləliklə, ulu öndər Heydər Əliyev Qurtuluş günündə Azərbaycana azadlıq bəxş etdi. Cəsarətlə demək olar ki, bu gün əldə etdiyimiz bütün nailiyyətlər, o cümlədən Vətən Müharibəsindəki Qələbəmiz də Milli Qurtuluş Günündən qaynaqlanır.
Tarix sübut etdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz Milli Qurtuluşun, Azərbaycanın gələcək tərəqqisinin əsasını qoydu. Təkcə neft sənayesində son illər əldə edilmiş nailiyyətlərə nəzər salmaq kifayətdir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışının, Milli Qurtuluşun necə əzəmətli nəticələrə gətirib çıxardığını söyləyə bilək. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” kontraktının bağlanması sonrakı illərdə Azərbaycanın sürətli inkişafında böyük rol oynadı.
Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətləri ilə belə bir Sazişin imzalanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi.
Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Bununla da Azərbaycan xarici sərmayədarlar üçün öz qapısını açdı.
Ümummilli lider Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi daim bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. Bu elə bir dövr idi ki, daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları, reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə dövlətimiz bütün bu təhlükələrdən qurtuldu.
Heydər Əliyev dühası bizə çox lazım idi. Azərbaycan xalqının böyük oğlu ölkəmiz üçün çox işlər görəcəkdi. Bu cür insanların 80 il yox, 180 il yaşamağa haqqı var idi. Təsəllimiz bir onun qurub-yaratdıqlarıdı, bir yetərincə möhkəmlənmiş Azərbaycan dövlətidi, bir də ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevdir.
Heydər Əliyevin istər sağlığında, istərsə də ölümündən sonra dünyanın ən məşhur politoloqları, siyasətçiləri, dövlət başçıları, elm, mədəniyyət xadimləri tərəfindən onun haqqında deyilən fikirləri oxuyanda heyrətlənməmək olmur. Çox az adam, nadir siyasətçi tapılar ki, bütün dünya onu Heydər Əliyev qədər uca zirvədə qəbul etsin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ