Sizin reklam burada
Sizin reklam burada

Əbu-Dabidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Əbu-Dabidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə dekabrın 28-də səfirliyin inzibati binasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.
Səfirlikdən verilən məlumata görə, Azərbaycan icmasının çoxsaylı üzvlərinin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq dünya azərbaycanlılarına müraciəti oxunub. Sonra çıxış edən səfir Daşqın Şikarov qonaqları salamlayaraq, Vətənlərinin hüdudlarından kənarda olmalarına və digər Əmirliklərdən Əbu-Dabiyə gəlmək üçün uzun yol qət etməli olmalarına baxmayaraq, icma üzvlərinin bayrama böyük həvəslə qatılmasının milli-mənəvi şüurumuzun önəmli parçaları olan həmrəylik və birliyi təcəssüm etdiyini özəlliklə qeyd edib.
Həmrəylik günü bayramının dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd olunduğunu diqqətə çatdıran səfir bu günün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyini, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də qeyd etdiklərini vurğulayıb. Eyni zamanda, azərbaycanlıların minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verdikləri, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın parçalandığı, azərbaycanlıların bir qisminin öz yurd-yuvalarından didərgin salındığı, deportasiyalara məruz qaldığı, bir-birindən ayrı düşdüyü qeyd olunub. Beləliklə də, azərbaycanlıların tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayıldıqları, hazırda onların dünyanın bir çox ölkələrində yaşadıqları, Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmalarının yarandığı nəzərə çatdırılıb.
Sonra yaxın keçmişə qayıdan diplomat Sovet ittifaqı illərində milli vəhdət, həmrəylik ideyalarının vahid ideologiya fonunda demək olar ki, yox səviyyəsində olduğunu xatırladaraq, müstəqilliyimizi bərpa etməklə, milli kimlik və şüur kimi əhəmiyyətli dəyərləri qaytarmağı və möhkəmləndirməyi bacardığımızı xüsusilə qeyd edib və bu işdə ulu öndər Heydər Əliyevin böyük xidmətinə diqqət çəkib. O qeyd edib ki, həyatını öz Vətəninə, xalqına və dünyaya səpələnmiş soydaşlarının maraqlarının müdafiəsinə həsr etmiş Ümummilli Lider dünya azərbaycanlılarının birliyinin müstəsna önəmliyini hər zaman uca tutub və bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik etdiyi vaxtda dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib, dünya azərbaycanlılarını Qurultay şəklində vahid platformada birləşdirməyə nail olub.
Səfir D.Şikarov, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin noyabrında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərmanını yada salıb, bu addımın nəticəsi olaraq, dövlətimizlə dünya azərbaycanlılarının bağlılığının dəfələrlə gücləndiyini və bu mühüm əməkdaşlıq formatının Azərbaycanla bağlı fəaliyyət istiqamətlərində bu gün öz effektivliyini bariz şəkildə ortaya qoyduğunu vurğulayıb.
Yekunda səfir 1993-cü ildə Azərbaycan xalqının vahid səsi ilə dahi liderin hakimiyyətə qayıdışının və bu qayıdışının nəticəsi olaraq bu gün sabit, əmin-aman, müasir, dinamik inkişafda olan Azərbaycanda yaşamağımızın məhz sarsılmaz milli həmrəylik və birlik sayəsində mümkün olduğunu qabardıb. O, tədbir iştirakçılarını Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kimi təsirli kəlamının dərin mənasını hər zaman qəlblərində daşımağa səsləyib.
Öz növbəsində, Baş Konsul Pərviz İsmayılzadə müasir tariximizin milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində qərarlaşan soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasının ümummilli vəzifə kimi irəli sürdüyünü vurğulayaraq, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış gününün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyduğunu xüsusi ilə qeyd edib.
Baş konsul P.İsmayılzadə, həmçinin vurğulayıb ki, on ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerinin önəmlə qoruyub saxlayır. Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir. Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır. Dünyanın müxtəlif ölkələrində məskən salmış on milyonlarca soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydır dərk edir.
Çıxışların ardınca sfirliyin nəzdində fəaliyyət göstərən bazar günü məktəbinin şagirdləri və “Qarabağ inciləri” adlı rəqs dərnəyinin balaca üzvləri vətənpərvərlik ruhunda şerlər söyləyib, balaca rəqqaslar eyni zamanda “Uzundərə” və “Sarı gəlin” rəqslərini nümayiş etdirib, “Sənsən Xəzərim” mahnısını ifadə edib və ərəb dünyasında, xüsusən də Körfəz ölkələrində məşhur BƏƏ-li müğənni Hüseyn ƏI-Casminin repertuarından olan mahnının müşayiəti ilə rəqs nümayiş etdiriblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ