Sizin reklam burada
Sizin reklam burada

Bunlar həssas təbəqənin problemlərinə yönələn siyasətdir - Deputat

Bunlar həssas təbəqənin problemlərinə yönələn siyasətdir - Deputat Şəhid ailələrinin və qazilərin sosial statusunun dəstəklənməsi, rifahının yaxşılaşdırılması üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə edilib.
Bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, şəhid ailələrinə sığortanın ödənilməsi, birdəfəlik yardımların verilməsi, qazilərin müalicəsinin dövlət tərəfindən qarşılanması, zəruri hallarda xarici ölkələrdə müalicələrinin təşkili bu sahədə görülən işlərdən bir neçəsidir:
“Eləcə də digər inkişaf etmiş ölkələrdən həkim qruplarının dəvət olunması, onların məişət şəraitinin yaxşılaşdırılması və hər bir şəhid ailəsinin mənzillərlə təmin olunması ilə bağlı cənab Prezident bilavasitə tapşırıq verib. Onların qarşılaşdığı bürokratik əngəllərin, problemlərin həlli istiqamətində bütün yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə bağlı xüsusi şöbə yaradılıb. Bu şöbələrə şəhid ailələrinin üzvləri, yaxud da qazilər rəhbər təyin olunub. Bütün bunlar həssas təbəqənin problemlərinə yönələn siyasətdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə həm dövlət, həm də Heydər Əliyev Fondu xətti ilə gördüyü işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İlk növbədə şəhid ailələri, qazilər və onların ailələri cəmiyyətin ən hörmətli təbəqəsi kimi imtiyazlardan istifadə edirlər.
Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət, qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ