Sizin reklam burada
Sizin reklam burada

“Dəmir yumruğ”un gücü Azərbaycan düşmənə öz yerini göstərdi

“Dəmir yumruğ”un gücü Azərbaycan düşmənə öz yerini göstərdi Üzeyir Kərimov,
Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu


Müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Yəni, həmin il mayın 28-də - Cümhuriyyətin yaranmasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Yenə həmin il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. 1920-ci ildə Rusiyanın ölkəmizi işğalından sonra inqilab komitəsinin 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. Bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət, habelə istintaqın aparılması daxil edilmişdi.
Sonrakı illərdə Azərbaycanın ədliyyə sistemi dəfələrlə müxtəlif struktur dəyişikliklərinə məruz qalmışdır. İnamla demək olar ki, Ədliyyə Nazirliyinin yenidən yaradılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olundu və bununla da ölkənin ədliyyə tarixində yeni mərhələ başladı. Şübhəsiz ki, ümummilli lider bu sahədə çox böyük işlər görülməsinə, islahatların aparılmasına nail oldu. 2003-cü ildə isə onun layiqli davamçısı İlham Əliyev digər sahələrdə olduğu kimi, ədliyyəmizdə də yeni və müasir yanaşmaların tətbiqinə başladı və təbii ki, bu öz səmərəsini verməyə bilməzdi.
Biz ədliyyə işçiləri hər il öz peşə bayramımızı qeyd edirik. Builki ovqat isə tamam fərqlidir. Çünki indiyə qədər, belə demək mümkünsə, bir gözümüz gülürdü, digər gözümüz ağlayırdı. Qarabağ problemi ağır bir dərd kimi hər bir azərbaycanlını sıxırdı. Nəhayət, 30 illik həsrətə son qoyuldu, torpaqlarımızı döyüşərək geri aldıq!
Müharibə başlayandan, yəni sentyabrın 27-dən noyabrın 10-dək hər birimiz həm həyəcanlı, həm də sevincli günlər yaşadıq. Ancaq hamıda qələbəyə böyük inam vardı. Hər kəs Ali Baş Komandana, müasir silahlarla təchiz olunmuş ordumuza güvənirdi. Əsgər və zabitlərimizin döyüşkən ruhu, onların cəsurluğu, mərdliyi, yağı düşmənə qalib gəlmək əzmi hamımızı sevindirirdi.
Çox keçmədi ki, Ali Baş Komandanın, ölkə Prezidenti İlham Əliyevin qələbə xəbərlərinə öyrəncəli olduq. Bütün dünya, bütün ölkə, elə düşmən tərəf də baş verənləri diqqətlə izləyirdi. Belə məqamda, yəni ilk uğurlarımızdan sonra Azərbaycana təzyiqlər başladı. Xalqımızı sevindirən isə Ali Baş Komandanın qətiyyəti və bu təzyiqlərə səbirlə tab gətirməsi idi. Təsəvvür edin: təxminən 40 gün ərzində möhtərəm Prezidentimiz dünyanın ən aparıcı media nümayəndələrinə 30-a yaxın müsahibə verdi. Sanki bizim üçün ikinci cəbhə açmışdılar. Bu cəbhədə isə informasiya müharibəsi gedirdi. Həmin günlərdə dövlət başçımızın həm ön cəbhəyə necə rəhbərlik etdiyini, arxa cəbhədə xarici jurnalistlərin provakasiya xarakterli suallarını ağıllı və məntiqli izahlarıyla cavablandırmasını, üstəlik siyasi təzyiqlərə davam gətirməsini xatırlayınca, adam necə qürur hissi keçirməyə bilməz?!
Müharibə günlərində xalq öz Ali Baş Komandanı ilə birlikdə idi. Sözsüz ki, qələbənin qazanılmasında bu amil də öz rolunu oynadı.
Torpaqlarımız, şəhər və qəsəbələrimiz, kəndlərimiz erməni tapdağından azad olunca, xalqımızın üzü gülürdü. Bu, Azərbaycanın haqsızlığa, ədalətsizliyə qarşı bir müharibəsi idi. Baxın, dünyanın bir çox aparıcı dövlətlərinin eləmədiyi və ya eləmək istəmədiyi bir problemi, 30 il bizə dərd verən bir problemi rəşadətli ordumuz 44 günə həll etdi. Görün işi nə yerə çatdırmışdılar ki, sülhsevər bir xalq olan azərbaycanlılar müharibənin dayandırılmasını istəmirdilər. Çünki dünyaya etibarımız qalmamışdı.
BMT kimi dünyanın ən nüfuzlu təşkilatı öz qətnamələrini yerinə yetirmədi. Üstəlik bizdən müharibəni dayandırmağı tələb edirdilər. Belə məqamlarda Ali Baş Komandan öz şərtlərini irəli sürdü və noyabrın 10-da nəhayət, bizim bütün tələblərimiz nəzərə alınmaqla Azərbaycan, Rusiya və Ermənistan birgə bəyanat qəbul etdilər. Bu bəyanat həm də Azərbaycan diplomatiyasının qələbəsi idi.
Belə çətin günlərdə qardaş Türkiyədən və bir neçə dövlətdən mənəvi dəstək görməyimiz sözsüz ki, öz rolunu oynadı. Mən bura çatanda Şuşa alınarkən hər birimizin hansı hisslər keçirdiyini, sevinc dolu göz yaşlarımızı yada salmaq istəyirəm. Gözün aydın Azərbaycan, qələbən mübarək olsun!
İndi düşmən ölkədə aləm bi-birinə dəyib. Hələ bu harasıdır? Hələ bu erməni faşistlərinin axırı deyil, onlar mühakimə olunacaqlar, törətdikləri cinayətlərə görə beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ