Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan öz əzəli torpaqlarına qovuşdu!

Hacı Orucov,
Bakı şəhəri 3 saylı Notariat Ofisinin notariusu


Ermənilərin yalan və hiylə üzərində qurduqları miflərə nöqtə qoyuldu

2018-ci il mayın 28-də respublikamızda Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 100 illiyi tamam oldu. Bu bayram təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində də təntənəli surətdə qeyd edildi. Yada salmaq istəyirəm ki, dövlət başçımız hələ 2017-ci ilin may ayında Cümhuriyyət yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini isə tariximizə verilən yüksək qiymət kimi dəyərləndirmək olar. “Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir”.
Doğrudan da o dövrdə xalqımız sanki azadlıq üçün, necə deyərlər, susamışdı. Onu ciyərlərinə çəkib saf dağ suyu kimi içmək, özü də doyunca içmək istəyirdi. Bu gerçəkdən azadlıq təşnəsi idi. Amma…
O suyu içməyə qoymadılar. Ürəklərimiz yana-yana qaldı. Yalnız dada bildik… Cümhuriyyət qurucuları bizə gözəl irs qoydular. Di gəl, o gözəl irsin üstünü sovet hökuməti elə örtdü ki, xalq uzun illər öz fədakar oğullarını belə tanımadı. Bizə Lenini, Stalini, Şaumyanı, Caparidzeni, 26 Bakı Komissarlarını təbliğ etdilər. Əsl tarix gizlədildi, erməni daşnaklarının xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, soqırımının adı belə tutulmadı. Bütün bunlara baxmayaraq, tarixi həqiqətləri gizlətmək mümkün olmadı. Gec də olsa, gerçəkliklər üzə çıxdı, 70 ildən sonra yenidən öz azadlığımıza qovuşduq.
22 noyabr Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramı günüdür. Elə yuxarıda dediklərimi də buna görə xatırlatdım. Çünki ədliyyə tariximiz də elə Cümhuriyyət tariximizdən başlayır. Azərbaycan öz əzəli torpaqlarına qovuşdu!
Cümhuriyyət dövründə Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sistemini, birinci növbədə Bakı və Gəncə dairə məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin, həmçinin barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı.
Fəaliyyətinin birinci ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər işə təyin olundu, 153 nəfər işdən azad edildi. 20 nəfər isə müxtəlif vəzifələrə keçirildi.
1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildiyinə görə İnqilab Komitəsi may ayının 13-də Ədliyyə Nazirliyinin fəaliyyətinin dayandırılması barədə qərar çıxardı. Ədliyyəmizin sonrakı dövrlərdə fəaliyyəti barədə kifayət qədər yazıldığından, mən 100 illik tariximizdə ekskursiyamızı burada dayandırıram. Başqa bir səbəb isə hazırda dünya ictimaiyyətinin, dünya mediasının gündəmində olan Azərbaycanın işğal altında olan torpaqları azad etməsidir. Bu da sevindirici haldır ki, bu il ədliyyə işçiləri öz peşə bayramlarını hər ilkindən fərqli olaraq daha böyük coşqu ilə keçirəcəklər. Çünki Vətən müharibəsindəki qələbəmiz bizlərdən hər birimiz üçün olduqca böyük əhəmiyyət daşıyır.
BMT-nin 4 qətnaməsi qəbul edildiyinə baxmayaraq, erməni qəsbkarları Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun ərazilərini boşaltmadılar. ATƏT-in Minsk Qrupunun həmsədrləri gəldilər-getdilər, ortaya bir nəticə qoyulmadı. Sanki belə də olmalıymış, sanki biz bu məsələ ilə barışmalı imişik. Heç kim nəzərə almaq istəmirdi ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil. Azğınlaşmış ermənilər özlərini elə aparırdılar ki, guya işğal etdikləri ərazilər doğrudan da onlara məxsusdur. Status-kvo mənfur qonşularımızın xeyrinə işləyirdi. Amma bunun bir sonu olmalıydı.
27 sentyabr 2020-ci il gecə saatlarında erməni vandallarının Azərbaycana növbəti hücumu onların özləri üçün sonun başlanğıcı oldu. Həmin gün Naftalana endirilən raket zərbəsi nəticəsində bir ailədən beş nəfər həlak oldu. Ali Baş Komandan, cənab Prezidentin əmri ilə Azərbaycan Ordusu əks həmləyə keçdi və beləcə müharibə başladı. Artıq erməni vəhşiliklərinə son qoymağın vaxtı çatmışdı. Rəşadətli ordumuzun əsgər və zabitləri bunu etməyi bacardılar. Çünki ötən illər ərzində ölkəmiz hər cəhətdən yüksək inkişafa nail olmuşdu, kifayət qədər müasir silah və digər döyüş növləri alınmışdı. Azərbaycan dünyanın 50 ən güclü ordularından biri sayılırdı. Hər bir azərbaycanlının ürəyi torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə döyünürdü. Qismən səfərbərlik elan edilsə də, yüz minlərlə insan (onların arasında müxtəlif yaş qruplarından olan vətəndaşlarımız vardı) cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət edirdi. Azərbaycan sözün əsl mənasında cihada qalxmışdı.
27 sentyabrda başlanan haqq işimiz 10 noyabr 2020-ci ildə düşmənin təslimçilik aktına imza atması ilə sonuclandı. Azərbaycan dünyaya sübut etdi ki, həm hərbdə, həm də diplomatiyada hansı gücə malikdir. Dünya eyni zamanda onu da gördü ki, bizim necə qorxmaz, qətiyyətli sərkərdəmiz, yenilməz ordumuz var.
Eşq olsun Azərbaycan xalqına!
Allah şəhidlərimizə rəhmət eləsin, döyüşdə yaralananlarımız tezliklə şəfa tapsınlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ